Təhsil Nazirliyi həyata keçirməyi plaşlaşdırdığı "Maarifçi" tələbə kreditləri və qrantları fondunun yaradılması layihəsi barədə açıqlama verib.
Aktual.az-ın Fins.az-a istinadən məlumatına görə, açıqlamada bildirilir ki, fondun yaradılmasının əsas məqsəd kredit və qrantların verilməsi vasitəsilə gənc vətəndaşlara ali təhsil almaqda bərabər imkanların təmin olunması, tələbələrin diqqətinin təhsil proqramlarına yönləndirilməsi, ali təhsil müəssisələrinin maliyyə təminatının bilavasitə möhkəmləndirilməsi və ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində xeyriyyəçilik ənənələrinin dirçəldilməsi hesabına regional, demoqrafik, sosial və gender tələbə müxtəlifliyinin təmin edilməsidir.
Fondda cəmləşən maliyyə vəsaitinin təhsil haqqı, yataqxana, tədris-metodiki ədəbiyyatların və digər tədris resurslarının alınması, eləcə də, təcrübələrin keçirilməsi ilə bağlı xərclərin ödənilməsinə dair kredit və qrant formasında verilməsi nəzərdə tutulur. Verilmiş kredit və qrantlar üzrə girovsuz sadələşmiş prosedur təklif olunur.
Fondun təsisçisi və sponsoru qismində ölkəmizdə fəaliyyət göstərən müxtəlif özəl şirkətlər, təhsil müəssisələri, ictimai təşkilatlar çıxış edə bilər. Fondda iştirak həm maddi vəsaitin, həm də qeyri-maddi aktivlərin təqdim edilməsi formasında təmin oluna bilər.
Ali təhsil müəssisələrinin fondda təsisçi qismində iştirakı gələcəkdə müəyyən ediləcək illik şərti tələbə sayı üzrə nəzərdə tutulub. Fondun qərarı ilə bu tələbələrin yerləşdirilməsi zamanı tələbəyə tam və ya qismən kredit formasında maliyyələşmə təklif oluna bilər. Məsələn, illik 50 tələbə sayı təklif edildiyi təqdirdə 50% maliyyəşdirmə ilə 100 nəfərə qismən kredit formasında maliyyələşmə müəyyən edilə bilər.