Tələbə digər ali məktəbə necə köçürülə bilər?

Tələbə digər ali məktəbə necə köçürülə bilər?

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.

Aktual.az  bildirir ki, Təhsil Nazirliyindən azvision.az-a verilən məlumata görə, mövcud qaydalara əsasən, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. 

Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası tabe olduqları dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Məlumatda qeyd edilib ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

II və III ixtisas qruplarında müəyyənləşdirilmiş "tarix və coğrafiya müəllimliyi", "tarix müəllimliyi" və "tarix" ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş "beynəlxalq münasibətlər" və "regionşünaslıq" ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan ali təhsil müəssisələrinə köçürülməı zamanı nəzərə alınan əsas amillərdir.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR