Və ya Romaşka doğrudanmı təbiət tərəfindən yaradılıb?
Bu başdan deyək ki, Romaşka təbii xama deyil. Və ümumiyyətlə xama deyil. Bu məhsulun bazarda xama adı ilə satılmasına, markalanmasına və Azərbaycan alıcısına aldadaraq təqdim edilməsinə istehlakçı hüquqlarını müdafiə edən qurumların son verəcəyinə ümid edirik.
Niyə Romaşka? Çünki bu gün bu məhsul Azərbaycan xama bazarının böyük hissəsini tutmaqla yanaşı, “xama” anlayışını diqtə edir. Müştərinin fikrincə, “Romaşka qatıdır, yağlıdır”. Əslində isə…
Azərbaycanlı alıcının yediyi hər bir məhsulu laborator analizdən keçirib doğrudan təbii olub-olmadığına əmin olmağa nə vaxtı, nə də pul xərcləməyə həvəsi var. Ona görə də bu alıcını aldatmaq istəyən çox olur. “Sozdano prirodoy. Sdelano v Latvii” şüarı ilə Azərbaycan istehlakçısına təqdim edilən Romaşka kimi.
Müstəqil müştəri kimi, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sınaq laboratoriyasına göndərdiyimiz nümunələrin cavabları bizi xeyli təəccübləndirdi. Süd məmulatları üzrə mütəxəssislər, kimya və biologiya üzrə mütəxəssislərlə təhlil edib, məsləhətləşdikdən sonra isə bu nəticələri oxuculara da təqdim etməyə qərar verdik.
Təbii xama qaymaq, süd və onun çalınmasında iştirak edən mayadan ibarət olsa da, laboratoriya nəticələri Romaşka xamasında maya göbələklərini göstərmədi. Daha maraqlı nəticə isə məhsulun faydalılığını və təbiiliyini əsaslandıran süd turşusu mikroorqanizmlərinin xamada tamamilə yoxluğudur. Halbuki, standartlara görə xamanın hər qramında maya göbələkləri və süd turşusu mikroorqanizmləri olmalıdır. Əks halda, bu məhsul nəinki xama, heç süd məhsulu da adlandırıla bilməz. Bütün faydalılığı da təbii ki, itmiş olur.
Bəs nə üçün Romaşka-da təbii süd məmulatlarına xas olan bu mikroorqanizmlər yoxdur? Səbəb məhsulun saxlama müddətinin 3 ay olmasıdır. Orqanizmə faydalı olan bu mikroorqanizmləri o qədər müddətə xama içərisində saxlamaq mümkün deyil. Buna görə də istehsal zamanı müxtəlif qatqılarla məhsuldakı mikroorqanizmlər öldürülür.
Halbuki, Azərbaycanda süd məmulatları istehsalına verilən tələblərdən biri də məhsulun qısamüddətli olmasıdır. Müqayisə üçün götürdüyümüz digər məhsul isə bənzər şüarlı - “Təbiətdən mətbəxə” şüarı ilə alıcılara təqdim edilən Səba xaması idi. Laboratoriya nəticələri bizi təəccübləndirdi. Yaxşı mənada. 14 günlük saxlama müddətinin 7-ci günü laboratoriyaya təqdim olunmuş məhsulun hər qramında 30 KƏGV (koloniya əmələ gətirən vahid) maya göbələyi (yol verilən maksimum 50-dir) və 25x107 KƏGV süd turşusu mikroorqanizmləri (minimum 1* 107olmalıdır) aşkarlandı. Bu isə standartlara tam uyğunluq idi.
Bu araşdırma ilə sadəcə bir nümunə göstərdik. İqtisadiyyatımızın bütün sahələrində bu cür romaşka-lar var. Qiyməti yerli məhsullardan daha artıq, keyfiyyəti isə vəd edildiyindən, etiket və markalanmasında göstərildiyindən aşağı olan xarici istehsal iqtisadi inkişafımıza səbəb ola bilməz. Əhalini təbii və yüksək keyfiyyətli məhsulla təmin etmək üçün uzağa getmək lazım deyil. Yerli istehsalı gücləndirmək və standartlara riayət edilməsinə nəzarət kifayətdir.
Xəbər 2178 dəfə oxunub.