"Tarqovıy"da işləyən "siçan" SAXLANILIB


Bakıda "Tarqovıy” adı ilə tanınan ərazidə maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan siçan geyimində) saxlanılıb.
 
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 21-də axşam saatlarında baş verib. Polis əməkdaşları Nizami küçəsində uşaqlarla fotolar çəkdirib pul yığan siçan geyimindəki şəxsə yaxınlaşıblar və onun qeyri-qanuni fəaliyyət göstərdiyini bildiriblər.
 
İttihama görə, bu zaman cizgi filmi qəhrəmanı geyimində olan 1989-cu il təvəllüdlü şəxs polisə müqavimət göstərib. O, fəaliyyətini davam etdirəcəyini bildirib və polis əməkdaşlarını söyməyə başlayıb. Bundan sonra 33 yaşlı şəxs ərazi üzrə 39-cu Polis Bölməsinə gətirilib. Gecəni bölmədə keçirən şəxs sentyabrın 22-də barəsində tərtib edilmiş protokolla birgə Səbail Rayon Məhkəmsinə göndərilib.
 
Saxlanılan şəxs məhkəmədə belə ifadə verib: "Sentyabrın 21-də, saat 20:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərərək, yəni "siçan” paltarı geyinərək, pul yığırdım. Başqa əmək məşğuliyyətim yoxdur, buradan əldə etdiyi pulla ailəmi dolandırıram, iki azyaşlı uşağım var. Polis əməkdaşları yaxınlaşaraq irad bildirdilər, mənə bu işi davam etdirməməyimi dedilər. Lakin iradlara məhəl qoymayaraq, işimi davam etdirəcəyimi söylədim. Sonra polis əməkdaşları məni bölməyə dəvət etdi, lakin bundan imtina etdim, əl-qol hərəkətləri ataraq nalayiq ifadələr işlətdim və məni çətinliklə 39-cu Polis Bölməsinə gətirdilər. Əməlimdən peşmanam”.
 
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda o, 200 manat cərimə edilərək sərbəst buraxılıb.


Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR