Tarixçi-alim: Fövqəladə Təhqiqat Komissiyasının sənədləri 1918-ci il soyqırımı faktlarını üzə çıxarıb

Tarixçi-alim: Fövqəladə Təhqiqat Komissiyasının sənədləri 1918-ci il soyqırımı faktlarını üzə çıxarıb

Tarixi sənədlər sübut edir ki, ermənilər 1918-ci ildə Bakı, Şamaxı, Quba, Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir və Azərbaycanın başqa bölgələrində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərində Bakı və Gəncə quberniyalarının bir çox qəzalarında soyqırımı, qarət və yanğınlar zamanı zərər çəkmiş qeyri-müsəlmanların şahid ifadələri ermənilərin cinayətkar əməllərinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış, 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş FTK-nın topladığı materiallar 36 cild və 3500 vərəqi əhatə edir.

Bu fikirlər AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Vaqif Abışovun AZƏRTAC-a təqdim etdiyi "Bakı və Gəncə quberniyalarında azərbaycanlıların soyqırımı” məqaləsində yer alıb. Məqalədə bildirilir ki, erməni daşnakları bolşevik bayrağı altında əlverişli mövqedən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-dək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. O zaman 12 mindən çox dinc insan amansızcasına öldürülmüşdü.

1918-ci ilin sentyabrında Azərbaycan-Türk ordusunun Bakıya daxil olmasından sonra FTK sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı ilə komissiya üzvü Mirzə Cavad Axundzadə və fotoqraf Litvinov ermənilər tərəfindən dağıdılmış ictimai və şəxsi binaların siyahısını tərtib ediblər. Həmin sənəddə Nikolayevsk küçəsindəki "Kaspi” qəzetinin redaksiya binasının dağıdıldığı, həmçinin Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə” binasının şərq tərəfinin zərər gördüyü qeyd olunub. Dağıntılar əsasən müsəlmanların yaşadığı binaları əhatə edib, Bazar küçəsində yerləşən Xanlarovun evi ("Dağıstan” mehmanxanası), keçmiş "İsgəndəriyyə” mehmanxanası və Bazar ilə Qubernski küçələrinin kəsişməsindəki "İslamiyyə” mehmanxanası tamamilə yararsız hala salınmışdı. Eyni zamanda, şəhərin dini mərkəzləri hədəf alınıb, top atəşləri nəticəsində Təzəpir məscidinin cənub və şərq hissələri, Şah məscidinin (Xan məscidi) minarəsinin şərq tərəfi ciddi zədələnmişdi.

Erməni silahlı dəstələri Qubada da kütləvi qırğınlar törətmişdilər. Ümumilikdə Quba qəzası üzrə 167 kənd dağıdılıb, 4 mindən çox insan öldürülmüşdü.

Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min nəfər öldürmüşdü (arxiv sənədləri üzərində aparılan yeni tədqiqatlar nəticəsində 122 kənd üzrə öldürülənlərin sayı 8023 nəfər qeyd alınıb). Hətta S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etməyə məcbur olmuşdu.

1918-1919-cu illərdə erməni silahlı dəstələrinin Cəbrayıl qəzasında törətdikləri vəhşilikləri haqqında FTK-nın üzvü Mixaylovun məruzəsində geniş məlumatlar verilir. Məruzədə Cəbrayıl qəzasının ciddi ziyan görmüş 26 kəndinin tam siyahısı öz əksini tapıb.

Gəncə quberniyasının ən çox ziyan çəkən qəzalarından biri də Şuşadır. Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanmışdı.

Ümumilikdə Cavanşir, Cəbrayıl, Şuşa, Zəngəzur qəzaları üzrə 166 kənd dağıdılıb, 30 mindən çox dinc insan türk-müsəlman əhalisi soyqırımına məruz qalmışdı.

Cümhuriyyət dövründə Gəncə quberniyasına daxil olan Zəngəzur, Cavanşir Cəbrayıl və Şuşa qəzaları Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı. Lakin 1920-ci il aprelin 28-də rus-sovet ordusu Azərbaycanı işğal etdikdən sonra Sovet hökuməti Zəngəzurun bir hissəsini (Qərbi Zəngəzuru) ermənilərə verdi, Qarabağı isə iki hissəyə paçalayaraq (dağlıq və aran Qarabağ) gələcəkdə tamamilə ermənilərə vermək üçün, onun dağlıq hissəsində erməni əhalisinin sayı süni olaraq artırıldı. Bu da 1923-cü ildə "Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması, 1988-1994-cü illərdə isə sovet hökumətinin köməyi ilə həmin ərazilərin, eləcə də ona bitişik rayonların ermənilər tərəfindən işğal olunması ilə nəticələnmişdi.

Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirləri nəticəsində işğalçı erməni ordusunu torpaqlarımızdan birdəfəlik qovuldu. Bununla da Azərbaycan dövləti öz suveren hüquqlarını Vətənimizin bütün sərhədlərində bərpa etdi.

Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR