Aktual.az xəbər verir ki, hadisə sentyabrın 4-də M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verib.
Belə ki, vətəndaş Günel Babayeva (jurnalist Həsən Babayevin həyat yoldaşı) sentyabrın 4-də xəstəxanan doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Körpə əməliyyatdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin mütəxəssisləri tərəfindən araşdırılır: "Uşaq ölümü faktı Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Hazırda məsələ araşdırılır, hadisə haqqında ictimaiyyətə əlavə məlumat veriləcək”.
Jurnalist Həsən Babayev körpənin həkim məsuliyyətsizliyi üzündən öldüyünü iddia edib.
O, Aktual.az -a açıqlamasında baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib: "Xanımım Günel Babayeva sentyabr ayının 3-də səhər saatlarında yüksək təzyiqlə Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib, lakin həkim heç bir müayinə etmədən xəstəni evə buraxıb. Yüksək təzyiqlə xəstəxanaya yerləşdirilən xəstəyə pataloji hamiləlik şöbəsinin müdiri Zara həkim, sadəcə, bir dərman qəbul etməyi məsləhət görərək evə buraxıb. Günorta saatlarında yoldaşımın vəziyyəti ağırlaşdı və yenidən xəstəxanaya aparmalı olduq. Saat 3-də xəstəxanaya yerləşdirdilər. Axşam saat 7-də əməliyyata alınanadək yoldaşımın sağlıq durumunun stabilləşməsi üçün heç bir profilaktik tədbirlər görülməyib. Bunun da nəticəsində uşaq öldü. Həmin gün doğum şöbəsində 3 uşaq ölümü baş verib. Bu da Azərbaycan səhiyyəsinin vəziyyətinin mövcud durumunun göstəricisidir. Bu rəqəm hələ bizim bildiyimizdir. Belə vəziyyətlərdə təhlükə olduğu üçün həkimlər profilaktik tədbirlər görərək uşağın ciyərlərinin açılması üçün müəyyən iynələrdən istifadə etməli idilər. Heç bir tədbir görmədən xəstəni əməliyyata alıblar.
Həkim bizə bildirdi ki, uşaq diri doğulub, sonradan ölüb. Bir neçə gün əvvəl Zara həkimə problemlərlə bağlı müraciət olunub, lakin o heç bir müayinəyə ehtiyac olmadığını deyib. Səhər saatlarında xəstə UZİ olunub. Uşağın salamat olduğu bildirilib. Lakin ekspertizanın rəyinə əsasən uşaq minimum bətndə 24 saat ölü qalıb. Təsəvvür edirsiniz, həkim xəstəni yoxlamadan əməliyyata alır . Baxın ölkə səhiyyəsi nə vəziyyətdədir, xüsusən də dövlət xəstəxanaları. 2 Saylı Qadın Məsləhətxanasında bütün konsultasiyalar normal şəkildə aparılıb. Konsultasiya həkimi son vaxtlara qədər üzərinə düşən işi görüb. Lakin Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinin həkimlərinin məsuliyyətsizliyi ucbatından bu hadisə baş verdi. Burada Xəstəxananın baş həkimi, doğum şöbəsinin müdiri və UZİ həkimi məsuliyyət daşıyır. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq".
/ Aktual.az