Tanınmış cərrahdan Azərbaycan səhiyyəsinin durumu ilə bağlı şok sözlər

Tanınmış cərrahdan Azərbaycan səhiyyəsinin durumu ilə bağlı şok sözlər

2015-ci ili başa vurmağımıza sayılı günlər qalır. Yola salmaq üzrə olduğumuz il ölkəmiz üçün müsbət və mənfi məqamlarla yadda qaldı.

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri Araz Bayramov Aktual.az-a müsahibəsində 2015-ci ildə səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışıb.

- Araz bəy, 2015-ci il ölkə səhiyyəsi üçün hansı önəmli hadisələrlə yadda qaldı?

- Yola salmaq üzrə olduğumuz il ölkə səhiyyəsi üçün bir çox vacib hadisələrlə yadda qaldı. İcbari tibbi sığortanın tətbiqi istiqamətində fəaliyyət nəhayət əməli mərhələyə keçdi. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə icbari tibbi sığortanın yaxın gələcəkdə tətbiqi ilə məşğul olacaq dövlət fondu yaradıldı. Ölkəyə idxal olunan dərmanların qiyməti ilə bağlı Tarif Şurası müvafiq qərarlar verdi. Dərman firmaları ilə bəzi həkimlərin istehlakçıların maraqlarının əleyhinə yönələn gizli sövdələşmələrinə nəhayət bu il son qoyuldu. Bütün bunlar müsbət məqamlardır. Hətta bu siyahıya yeni tibb mərkəzlərinin istifadəyə verilməsi, tibb sektorunda rəqabət meyllərinin artmasını da əlavə etmək olar. Amma bütün bunlarla yanaşı həllini gözləyən bəzi problemlər də var ki, onlar bu ildə reallaşmadı.

- Hansı islahatlar həyata keçirilməli idi ki, onlar olmadı?

- Tam səmimi deyəcəm. İstər dövlət, istərsə də özəl xəstəxanaların əksəriyyəti ən müasir standartlara cavab verən avadanlıqlarla təhciz olunub. Bu bizə imkan verir ki, ölkəmizdə daha güclü və etibarlı müayinə və müalicə sistemini formalaşdıra bilək. Lakin bütün bunlara baxmayaraq, vətəndaşlarımız hələ də öz sağlamlıqlarını yerli deyil, əcnəbi həkimlərə etibar edirlər. Bunun da öz növbəsində obyektiv və subyektiv səbəbləri də var. Başa düşürəm ki, əhali arasında maarifləndirmə işlərinin aparılmaması, klinikaların düzgün marketinq siyasəti yürütməməsi bu məsələdə öz sözünü deyir. Açıq etiraf etməliyik ki, yerli həkimlər arasında peşəkarlıq səviyyəsi lazımi səviyyədə deyil. Yalnız xaricdə oxuyan kadrlarımız ölkə səhiyyəsinə yeniliklər gətirirlər. Biz daxili imkanlarımız hesabına buna nail olmalıyıq. Elə etməliyik ki, Azərbaycan daxilində həkimlərin bilik və bacarıqlarını təkmilləşdirək, əsas diqqətimizi kadr potensialının artırılmasına yönəldək. Daha bir problem həkimlərin məvacibi ilə bağlıdır. Çox zaman həkimləri ittiham edirlər ki, nəyə görə xəstələrdən pul alırsınız. Tamamilə razıyam ki, bu yolverilməzdir. Biz səhiyyə sahəsində şəffalığa nail olmaq istəyiriksə, ilk növbədə həkimlərin məvaciblərinin artırılmasına, onların normal əməkhaqqı almasına nail olmalıyıq. Həkimin sosial ehtiyacları təmin olunmayana qədər biz bu sahədə şəffaflığa nail ola bilməyəcəyik. Unutmaq lazım deyil ki, müasir dünyamızda həkimlər elitar təbəqəyə aiddir.

- 2016-ci ilə müəyyən iqtisadi problemlərlə keçid edirik...

Sözümüzü kəsir. Manatın devalyasiyası digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də problemlər yaradır. Xüsusən özəl sektorda çalışan klinikalar bundan daha ciddi ziyan görürlər. Hesab edirəm ki, hazırki şərait özəl sektorda fəaliyyət göstərən klinikalar, o cümlədən dövlət xəstəxanaları üçün bir sınaqdır. Əgər biz bu sınaqdan üzüağ çıxmaq istəyiriksə, ilk növbədə insanların etimadını qazanmalıyıq. Səhiyyə idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanması, cəmiyyətin maraqlarına uyğun marketinq siyasətinin tətbiq olunması bu məsələdə vacib istiqamətlərdən biridir.

- 2015-ci il Araz Bayramovun özü üçün hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Bu sırada ilk növbədə Azərbaycan Avropa Tibb Assosiasiyasının yaranmasını qeyd etmək istərdim. Avropada, Rusiyada, Türkiyədə və digər dövlətlərdə təhsil almış, çalışmış mütəxəssislər birləşərək, Azərbaycan Avropa Tibb Assosiasiyasını təsis etdik. Azərbaycan səhiyyəsinin Avropaya inteqrasiyası, cəmiyyət arasında maarifləndirmə işlərinin aparılması, xaricdə təhsil alan uzmanların kordinasiyalı şəkildə əməkdaşlığı bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Assosiasiya yeni yarandığı üçün biz növbəti ildə daha ciddi layihələr həyata keçirməyi planlaşdırırıq. Yeri gəlmişkən ölkənin ən böyük tibbi informasiya resursu olan – Alodoctor.az portalı assosiasiyasının nəzdində fəaliyyət göstərir.

- Bir peşəkar həkim, uroloq-cərrah kimi 2015-ci ildə hansı uğurlarınız oldu?

- Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, müasir yenilikləri əzx etməyə çalışan, öz üzərimdə işləyən bir adamam. Vaxtaşırı olaraq dünyanın müxtəlif şəhərlərində keçirilən konqres və seminarlara qatılır, ən müasir yeniliklərə öz fəaliyyətimdə tətbiq etməyə çalışıram. Laparoskopik və endoskopik cərrahiyyədə böyrək şişlərinin, böyrək daşlarının, prostat adenoması və şişlərinin müasir üsullarla müalicəsində yenilikləri tətbiq etdik. Misal üçün böyrək daşlarının endoskopik üsulla çıxarılması artıq 30 dəqiqə ərzində həyata keçirilir və xəstələr heç bir kəsik olmadan aparılır. Xəstələr bir neçə günə əmək qabiliyyətlərini bərpa edir.

Azər Niftiyev, Aktual.az

Xəbər 8632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR