Rusiya “Türk axını” qaz borusunun quruda çəkiləcək hissəsinin koordinatlarını Türkiyəyə təqdim edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
“Ötən həftə Qazprom bizim sorğumuza cavab olaraq “Türk axını” qaz borusunun quruda çəkiləcək hissəsinin koordinatlarını təqdim edib. İndi bizə layihənin texniki-iqtisadi əsasnaməsi üzrə ilkin razılıqları almaq lazımdır. Düşünürəm ki, bu həftə ərzində məsələ ilə bağlı konkret addımların atılacağını gözləmək olar”, deyə Taner Yıldız “Sputnik” agentliyinə bildirib.
“Qeyd etmək istərdim ki, hazırda gündəmdə qaz borusunun 4 xəttindən birinin tikintisi ilə bağlı detallar müzakirə edilir. Bu xəttin ötürmə gücünün (“Türk axını”nın ümumi ötürmə gücü 63 mlrd kubmetr həcmində planlaşdırılır) 16 mlrd kubmetr olacağı gözlənilir. Türkiyə və Rusiya prezidentlərinin Bakıda keçirilən ikitərəfli görüşündə layihənin məhz bu hissəsinin icrası məsələsi müzakirə olunub”, deyə nazir qeyd edib.
Aktual.az