Talehin şübhəli və qaranlıq keçmişi

Talehin şübhəli və qaranlıq keçmişi

Nardaranı radikal və ekstremist qaragüruhun girovluğundan azad etməyin vaxtıdır

Nardaranda baş verən məlum hadisənin dərin qatlarının ortaya çıxardığı həqiqət budur ki, Yaxın Şərqi, müsəlman ölkələrini məhvə aparan “ssenarilərin” Azərbaycana transformasiyasının artıq yeni mərhələsi başlayıb. XXI əsr fövqəlgüclərinin hazırladıqları və uğurla həyata keçirdikləri yeni “dünya düzəni” projesində Azərbaycan kimi ölkələrin müqəddəratı konkret müəyyənləşib: münaqişə ocağına çevrilməli, vassal olmalı, təbii sərvətləri talanmalı, əhalisi bir qarın çörəyə möhtac ucuz işçi qüvvəsi kimi istismar edilməlidir. Proses tam gücü ilə gedir.

Və artıq neçə illərdir ki, qos-qocaman dövlətlərin “domino effekti”nə bənzər tərzdə biri-birinin ardınca yıxılmasını, faktiki süqut etdiyini aydın müşahidə edirik. Vaxtilə mədəniyyətin beşiyi, möhtəşəm tarixin mənbəyi olmuş xalqlar - dünyaya hökmdarlıq etmiş dövlətlərin sakinləri bu gün Avropa küçələrində səfilcəsinə dilənir, ölkələri isə bir daha sabit və abad olmağa imkan verməyəcək fəlakətin içində paramparça olub.

Talehin şübhəli və qaranlıq keçmişi

Nardaran olayının səbəblərini araşdırarkən, bəlkə də müxtəlif ehtimallar irəli sürməyə ehtiyac yoxdur. Çünki ortada danılmaz faktlar, inkaredilməz gerçəkliklər var. Bu təxribat antiazərbaycançı şəbəkələrin buyruq qulu olmuş siyasi müxalifətin tam olaraq iflas etdiyi bir məmləkətdə din pərdəsi altında yeni formalaşdırılan “beşinci kolon”un müasir mərhələdə debütüdür. Müasir mərhələ ona görə deyirik ki, bu kimi debütlər əvvəllər də olub. Yəni bu, ilk hal deyil.

Hələ ötən əsrin 90-cı illərində İslam partiyası rəhbərlərinin Vətənə xəyanət edərək xarici kəşfiyyatın emissarlarına çevrilmələrinin davamı olaraq şimal sərhədlərimizdə iğtişaşlar yaradan “Meşə qardaşları”, xarici xəfiyyə orqanlarının casusuna çevrilən “Səid Dadaşbəylinin dəstəsi” və digər bu kimi radikal dini qruplar biri-birlərinin ardınca meydana çıxdı. Bu qrupların istisnasız olaraq bütün üzvləri xain idilər, şüurlu şəkildə dövlət çevrilişi, kütləvi terror hazırlıqları ilə məşğul olurdular. Bu nadanların hədəfi tək iqtidar deyildi, bütünlüklə dövlət - müstəqil Azərbaycan idi. Harınlamış nankorlar dövlətə meydan oxumaq həvəsinə düşərək vətəndaşı olduqları ölkəni müstəmləkəyə çevirməyə çalışırdılar.

İndi dövriyyəyə yeni oyunçular salınıb. Bu mərhələdə istinad edilən əsas siyasi aktor, daha doğrusu, aktyor Taleh Bağırovdur. Kimdir bu Taleh? Cəmi 31 yaşı olsa da, artıq “zəngin” bioqrafiya sahibidir. Bu gün özünü “ən böyük nardaranlı” elan etsə də, əslən İsmayıllının Lahıc kəndindəndir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Burada təhsil aldığı dövrdə, yəni 2005-ci ildə İranın məlum və məşhur Qum şəhərindəki Höccətiyyə Hövzəsində ruhani təhsili də alıb. Maraqlı, düşündürücü və nəticə çıxarılası məqam budur ki, 2007-ci ilədək İqtisad Universitetində onunla “humanistcəsinə” davranılıb, xarici ölkədə əlavə təhsil almasına şərait yaradılıb. Xüsusi xidmət orqanlarının istintaqını apardığı və həcmi az qala bir mərtəbəni tutan cinayət işlərində adı qırmızı xətlə keçən Qum “verbovka” mərkəzində eyni vaxtda Azərbaycanda da təhsil alan bir tələbənin hansı “biliklərə” sahiblənməsinin məsuliyyəti isə həm də sayıqlığını itirmiş təhlükəsizlik strukturlarına aiddir!

Talehin 2010-cu ildə növbəti hazırlıq mərkəzi isə Qum kəşfiyyatının İraqdakı rezidenturası olan Nəcəf Elmiyyə Hövzəsi olur. Lakin burada “təhsilini” növbəti il yarımçıq kəsərək təcili Bakıya dönür və dərhal da Təhsil Nazirliyinin qarşısındakı iğtişaşda baş rollardan birinin ifaçısı kimi peyda olur. “İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə” ittihamı ilə ilyarımlıq məhbəs islahına göndərilir.

Lakin islahı kifayət etmədiyindən azadlığa çıxdıqdan cəmi 4 ay sonra - 2013-cü ilin martında yenidən həbsə düşür. Bu dəfə isə ittihamı Qum müdavimlərinin sevimli məşğuliyyəti ilə bağlı olur (Rəsmi təsnifatı belədir: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama”).

Elə indi də həbsdən cəmi 4 ay idi çıxmışdı...

Azərbaycana “Ərəb simalı”, “Fars mənşəli” İslam gərək deyil!

Nardaran hadisələrinin təfərrüatına keçmədən öncə bir neçə mətləbə nəzər salmağa lüzum var. Xalqımız tam 1300 ildir İslama tapınıb. Millətimizin hələ İslamaqədərki dövrdə mənimsədiyi mükəmməl və o zaman üçün bəşərin ən müasir sayılan mənəvi dəyərləri ilk gündən İslamın təməl prinsipləri ilə üst-üstə düşmüş, bu uyğunluq isə Tanrının yer üzünə göndərdiyi sonuncu dinin ölkəmizdə qısa müddət ərzində geniş yayılmasına və indiyə qədər də hakim din olmasına şərait yaratmışdır. Məhəmməd Rəsulallahın təliminin dünyanın dörd bir tərəfində yayılması üçün azərbaycanlılar həm qollarının gücünü, həm də zəkalarını sərf etmişlər. İslam xilafətinin böyük cahangirləri olan həmvətənlərimizlə yanaşı, qüdrətli teoloq-alim, filosof, ruhani soydaşlarımız da müqəddəs dinimizə bütün varlıqları ilə xidmət etmişlər. Bu gün qürurla etiraf etməliyik ki, İslamın dünya miqyasında qazandığı nüfuzda, gücdə, qüdrətdə Azərbaycanın və imanlı azərbaycanlıların payı vardır.

Bu gün Azərbaycanda dini tolerantlıq hökm sürür və heç kəs inancına görə təqib olunmur. Dünya bu sahədəki təcrübəmizi “Tolerantlığın ən təkmil modeli” kimi öyrənir. Təəssüf ki, bu münbit şərait bəzi hallarda din pərdəsi altında maskalanan məzhəb və klerekal qrupların antimilli, antidövlət, antiAzərbaycan fəaliyyəti yürütməsinə imkan verir. Məzhəb prinsiplərini dövlətimizin maraqlarından üstün tutan, daha doğrusu, ölkəmizin mənafeyini öz mənfəətlərinə qurban verməyə hazır olan çoxsaylı təriqətlər, missioner təşkilatlar artıq neçə illərdir ki, Azərbaycanla “səssiz müharibə” aparırlar. Onların hər biri müxtəlif xarici dövlətlərin təsirində, xarici kəşfiyyatların xidmətindədirlər!

Hər birinin də məqsədi Azərbaycanı ekstremist dini təmayüllərin toqquşma poliqonuna çevirmək və “dini inqilab” ixracını respublikamıza keçirməkdir. Bu dalğa əsasən iki istiqamətdədir: sələfilik (qaragüruh vəhabilik) və radikal şiəçilik.

Radikal vəhabilikdən bəhs edərkən yalnız bir fakta nəzər salmaq kifayət edər. XVIII əsrin ortalarında İngiltərədə nəşr edilən “Cənab Hempherin xatirələri” kitabında Böyük Britaniyanın Müstəmləkələr Nazirliyinin 1710-cu ildə müsəlmanları parçalamaq üçün vacib və yetərli bilgiləri toplamaq, casusluq etmək üçün xüsusi emissarlarını Şərq ölkələrinə göndərməsindən bəhs edilir. Bu kitabı yazan isə, nə qədər qəribə olsa da, məhz elə bu emissar qrupuna rəhbərlik edən Hempher idi. Xidmətini yekunlaşdırandan sonra nazirlikdən vəd edilən yüksək təqaüdü ala bilmədiyindən öz fəaliyyətlərini ifşa edən bu şəxs İslam dinini məhv etmək, müsəlmanları parçalamaq üçün görüləcək işləri açıqlayır və ingilis kəşfiyyatının bu məqsədlə vəhabi təriqətini yaratmasını konkret faktlarla isbatlayırdı.

İngilis kəşfiyyatının üç əsr öncə İslama sırıdığı bu rəzalət artıq 20 ildir ki, “əl-Qaidə”, “Taliban”, “Boko-Haram”, “əl-Nüsrə” və nəhayət, “İŞİD” bəlası ilə İslam dünyasını, müsəlmanları məhvə sürükləyir. Artıq əlləri məmləkətimizə də uzanır. Saqqallı və qısabalaq şalvar geyinmiş bu həmvətənlərimiz hər addımbaşı rastımıza çıxırlar, bizneslərini genişləndirirlər, böyük şəbəkə yaradırlar. Yüzlərlə gəncimiz öz ölkələrinin 20 faizinin kafirlər tərəfindən təcavüz altında olduğu halda, yad dövlətləri “işğaldan azad etməyə” gedirlər.

Digər ikinci mühüm problem isə radikal şiəçiliyin fəaliyyətidir. Burada zəruri bir haşiyə çıxaq. Ölkəmizin müsəlman əhalisinin təxminən 80 faizi şiə, 20 faizi isə sünni məzhəbindəndir. Azərbaycanda dini təfriqə yaratmağa cəhd edən qüvvələr də sünni əhalini vəhabiliyə, “Əhli-Beyt” aşiqi olan həmvətənlərimizi isə radikal şiəçiliyə sövq edirlər. Əslində, bu gün şiə və sünni əhalimizin saf inancları üzərində aparılmasına cəhd edilən manipulyasiyaların məramı onları əsl mahiyyətdən uzaqlaşdıraraq, bu məzhəblərin bizə tam yad olan xarici modellərinə yönləndirməkdir.

Açıq etiraf etməliyik: radikal vəhabilik bədəvi təfəkkürünü, İslamaqədərki bədnam şüuru, geriliyi, terroru, zorakılığı təlqin edir və onun əsl İslamla əlaqəsi yoxdur! Ən əsası isə xalqımızın minilliklərlə formalaşdırdığı dəyərlərlə, novator düşüncə tərzi ilə daban-dabana ziddir!

Gizlətməməliyik: radikal şiəçilik formasında yürüdülən fəaliyyətin mahiyyətcə “Əhli-Beyt” sevdasına və sədaqətinə, əsl şiə məzhəbinə zərrə qədər də dəxli yoxdur, bu, sırf Əhəməni-Sasani şovinizminin İslamın yaranışından müasir dövrümüzədək davam edən irinli fəsadıdır! Xalqımızın Həzrəti Əliyə və onun övladlarına bəslədiyi səmimi və birmənalı məhəbbətinə isə əsla uyğun deyil!

Hər biri adını daşıdığı məzhəbin imitasiyasıdır və real ideoloji məzmununa qarşıdır!

Onların ortaq nöqtələri cəhalətdir, zorakılıqdır. Şərqdə mədəniyyətdən dövlət quruculuğuna qədər çox ilklərin müəllifi olan bir məmləkətə, xalqa sırıdıqları isə nadanlıq, gerilik, savadsızlıq, biri-birinə şübhə və təhlükə mənbəyi kimi yanaşmaq, milli hissləri və vətəndaşlıq duyğusunu sarsıtmaqdır.

XXI əsr azərbaycanlısını 6-7-ci əsr bədəvisinə, farsına çevirmək istəyən zehniyyəti qəbul etmək Azərbaycanın məhvinə rəvac verməkdir!

Azərbaycana isə belə “Ərəb simalı”, “Fars mənşəli” İslam gərək deyil!..

Biz əsl İslamın nə olduğunu bilirik və onu da təşviq edirik!

Vüqar Nəsibov və İsmayıl Tağıyev... Onlar şəhiddirlər!

Nardaranda baş verən olayı, bəlkə də adi bir cinayət hadisəsi kimi qiymətləndirib, üstündən keçmək olardı. Amma ortada gizli xarici müdaxilə cəhdi, vətəndaşlarımızın başqa ölkələrin maraqlarının müdafiəçisinə çevrilərək öz dövlətlərinə qarşı cinayətkar əməllərə yol vermələri və bu hərəkətləri dəstəkləyənlərin sayının o qədər də az olmaması kimi fakt var.

Əvvəlki “ssenarilərə” əsaslansaq, belə bir fikir irəli sürə bilərik ki, Taleh Bağırov bu hadisələrin əsas fiquru olsa da, açar fiquru deyil. O, dini yönümlü “beşinci kolon”un üzdə olan, ictimaiyyətə açıq adamıdır, həmçinin xarici kəşfiyyatla əlaqəsi ifşa edilən yarı iqtisadçı, yarı ruhani, amma tam bir marionetdir. Ondan uzun illərdir “dini lider” yaratmaq cəhdləri iflasa uğrayıb. Adətən, sıradan çıxmış, həm də xaraktercə zəif, ancaq özünəvurğun, böyük iddiaları ilə real imkanları uzlaşmayan belə “uşaqlar”in missiyası suyu bulandırmaq, süni ajiotaj yaratmaq, qarşı tərəfin - dövlətin bu həssas prosesdə sayıqlığını və qətiyyətini yoxlamaqdır.

Taleh Bağırovun son aylardakı fəaliyyəti buna sübutdur. Bəli, onun özü və ətrafındakılar mütəmadi olaraq polislə məqsədli şəkildə qarşıdurmaya gedir, dövlət strukturlarını mühasirəyə almağa cəhdlər göstərir, dövlət quruluşuna qarşı açıq-aşkar fikirlər səsləndirir, sosial şəbəkələrdə və insanlar qarşısındakı çıxışlarında tərəfdarlarını müqavimətə səsləyirdilər. Dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmışdılar. Bölgələrdə özlərinə tərəfdarlar toplayır, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil edirdilər. Mütəmadi olaraq Nardaranda qanunsuz yığıncaqlar keçirir, əhalini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edir, tərəfdarlarına göstərişlər verir, çağırış vərəqələri payladırdılar. Hətta silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdi.

Şübhəsiz, bütün bu əmr və tapşırıqlar, ideyalar Taleh Bağırovun yalnız dilinin məhsulu idi, ağlının yox. Sanki gizli bir əl Azərbaycanda - qlobal toqquşmaların və məzhəblərarası savaşların tədricən sərhədinə doğru sürətlə yaxınlaşdığı bir ölkədə “nəbzləri yoxlamağa” çalışırdı...

Son bir ay ərzində MTN ətrafında baş verən hadisələr, bu qurumun rəhbərliyinin məlum hüquqazidd fəaliyyəti, həmçinin naşı, səriştəsiz, reket mətbuatın bu mövzu ətrafında yaratdığı bədnam şoular müəyyən qruplarda, o cümlədən aranı qatmağa cəhd edən şəbəkədə belə yanlış təəssürat yaratdı ki, artıq ölkənin təhlükəsizlik sistemi zəifləyib, daxili işlər orqanları isə bu boşluğu doldurmağa çalışdığından nəzarəti azalıb.

Bu gümanları elə ilk cəhddə puç oldu. Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaranda keçirilən xüsusi əməliyyatda bu antimilli şəbəkə mənsublarının bir qismi zərərsizləşdirildi. Ruhani cildinə girmiş cinayətkarlar əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərib, avtomat silahlardan atəş açıb, əl qumbarası atıblar. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Hadisə yerindən xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin Taleh Bağırov başda olmaqla 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları Vüqar Nəsibov və İsmayıl Tağıyev...
Onlar şəhiddirlər!

Azərbaycan davasının, cinayətkar əməllərinə İslamı alət etməyə çalışan şərə qarşı mübarizənin şəhidləri!..

Azərbaycan polisi növbəti dəfə sübut etdi ki, bu dövlətin, xalqın dayağıdır!

Son hadisələrdə bir daha təsdiqləndi ki, heç bir silahlı qrup Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycana ziyan vura bilməz!

Prezident İlham Əliyevin bərqərar etdiyi sabit, abad, qüdrətli ölkəni heç bir xarici müdaxilə, bu təsirdən bəhrələnən iğtişaş cəhdi sarsıda bilməz!

Nardaran hadisələrinin dərsləri

Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirildi. Cinayətin bütün iştirakçılarının, silahlı dəstəyə kömək edən şəxslərin tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri aparılacaq. Çünki bu şəbəkə tam məhv edilməyib. Məsələn, dünən Gəncədə bir qrup Nardarandakı təxribatçılara dəstək aksiyası keçirməyə cəhd göstərib. Digər bölgələrdə də cinayətkar elementlərin çığır-bağırı eşidilib. Bu kimi avantüraların davam etməsi gözləniləndir.

Demək, bu problemi birmənalı həll etməyin zamanı yetişib. Tolerantlıq mühitindən sui-istiadə hallarının qarşısı dərhal alınmalıdır. Cəmiyyətdə dini mövzuda, dinin kamillik rəmzi olması, cəhalətdən uzaq dayanılması barədə müzakirələr təşkil edilməlidir. İllər öncə akademik Ramiz Mehdiyevin “Qloballaşma dövründə dövlət və cəmiyyət” əsərində qoyulan müddəalar ətrafında aparılan ictimai müzakirələr, təəssüf ki, yarımçıq qaldı və lazımi nəticələr əldə edilmədi. Elmi ictimaiyyətlə yanaşı, digər ziyalı təbəqələri, xüsusən də ruhani kəsim bu müzakirələri yenidən başlamalı, fəaliyyətdə dönüş yaratmaq üçün konkret istiqamətlər müəyyənləşdirməlidirlər.

Dini maariflənmə prosesinə kütləvi miqyasda başlamaq və sürətlə, keyfiyyətlə aparmaq gərəkdir. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti xüsusilə diqqətçəkəndir. Uzun illər dövlət quruculuğunun ideya təməllərinin fəal təşviqatçılarından olmuş Mübariz Qurbanlının indi bu komitənin rəhbəri kimi ölkəni kəndbəkənd, şəhərbəşəhər dolaşaraq hər bir dini icmada söhbətlər aparması, onların hamısının dövlət maraqları əsasında dini etiqadla məşğul olmalarının vacibliyini əsaslandırması artıq nəticələr verir. Amma bu da kifayət deyil. Çünki komitənin təşəbbüslərinə real ictimai dəstək, ziyalı və ruhani təbəqələrin yardımı yetərli deyil.

Nardaran hadisələrinin üzə çıxardığı digər problem isə kadr məsələsi, ruhani nüfuzunun aşağı olmasıdır. İki ildən bir ölkədə Taleh Bağırov qismində yeni “ruhani lider” peyda olur. Yalan moizələrlə, saxta ruhaniyyət kimliyi ilə ətrafına hətta minlərlə tərəfdar toplayır. Kəndlərdə, rayonlarda təəssübkeşləri yaranır. Və hər dəfə bu qondarma “liderlər” ifşa edilir, siyasi iflasa məhkum olur, amma yerləri boş qalmır. Yenə də hansısa “Qum verbovka məktəbinin” yetirməsi bu boşluğu doldurur. Neçə onillikdir fəaliyyət göstərən İslam Universitetinin məzunları isə ya bulvarda fotoqraflıq edir, ya qəbiristanlıqlarda yasin oxumaq üstündə digər mollalarla savaşa çıxır.

Nardaran hadisələrinin hamımız üçün nəticə çıxarmalı olduğumuz dərsləri, böyük həqiqətləri var. Əvvəla, Nardaran sakinlərini, bu qəsəbəni radikal və ekstremist qaragüruhdan xilas etməyin, təmizləməyin zamanı çatıb. Əslində, gecikmişik də. Hüquq-mühafizə orqanlarının, fədakar polislərimizin bu işin də öhdəsindən layiqincə gələcyinə əminik. Amma onlara ictimai dəstəyimizi də əsirgəməməli, vətəndaş təəssübümüzü bildirməliyik.

Əgər biz də - Azərbaycan xalqı da suriyalılar, iraqlılar kimi Avropa çöllərində dilənmək, dənizlərdə boğulmaq istəmiriksə, müstəqillyimizin və dövlətçiliyimizin təminatçısı olan mövcud siyasi kursu birmənalı dəstəkləməliyik. Bu kursu hədəfə alan məlum şəbəkələr tam məhv edilməyənədək, demək, təhlükə hələ sovuşmayıb!

Və sonda.... Əgər Azərbaycanın müstəqilliyini, xalqının inkişafını düşünmürsənsə, dövlətinin müqəddəratına zidd fəaliyyət göstərirsənsə, lap hər ay Kəbə evini ziyarət et, yaxud gündə 15 dəfə namaz qıl, fərqi yoxdur - ən böyük kafirsən, ən böyük Allahsızsan, İslamın ən böyük düşmənisən!

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan” qəzeti

Xəbər 3152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR