Portuqaliyada Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq.
Ekspozisiya Portuqaliyanın Lissabon şəhərində keçiriləcək “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində nümayiş ediləcək.
Oktyabrın 8-dən 17-nə kimi baş tutacaq ekspozisiya Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Qeyd edək ki, 2007-ci ildən etibarən “Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu”nun təşkilatçılığı ilə ənənəvi olaraq hər il “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalı keçirilir.
Dünyanın 40-dan artıq ölkəsindən və Rusiyanın 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilib.
Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir. 2009-cu ildə Əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə Əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə Namiq Məmmədov, 2014-cü ildə isə Əməkdar rəssam Xalq rəssamı Tahir Salahov və Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup rəssam Azərbaycanı bu festivalda təmsil edib.
Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən rəssamlar müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülüb.\trend