Çoxdan idi jurnalist və müğənninin münasibətlərinə məhkəmədə aydınlıq gətirilməsinin şahidi olmamışdıq. O baxımdan Əməkdar artist Mətanət İsgəndərlinin bir kəlmə sözə görə Aznews.az portalının redaktorunu və yazarını məhkəməyə verməsi birmənalı qarşılanmadı. Çünki artıq məhkəmədə həll olunmalı söhbətlərin vaxtı çoxdan keçib. Həm də müğənni-jurnalist münasibətlərinin yaxşı mənada pik nöqtədə olduğu bir dönəmdə buna ehtiyac var idimi? Əsla!
Cənab prezidentin jurnalistlərə verdiyi söz azadlığını düşünsək, doğrudan da, buna ehtiyac yox idi. Üstəlik, hədəfdə "Aznews" kimi dürüst və ədalətli bir portalın olması ədalətsizlik idi. Ən azından ona görə ki, münasibətləri ikilikdə də aydınlaşdırmaq olardı. Çünki hər iki tərəf öz ampluasında peşəkardır.
Mətanət İsgəndərli - bu ad, bu səs hamıya doğmadır. Bu səsdə olan həzinlik, şirinlik, doğmalıq adamı heyran edir. Sözün həqiqi mənasında, həm də bugünkü səhnəmizdə sayılıb-seçilən, sanbalını qoruyan müğənnilərdən biri də Mətanət İsgəndərlidir. Bu qədər doğma və sanballı bir səsin məhkəmə zalından eşidilməsi ürəkaçan deyil. Həm də kimə qarşı…
Aznews.az hər gün mənim və minlərlə oxucunun ən doğru məlumatları aldığımız bir ünvandır. Insanın informasiya aldığı, dünyada baş verən hadisələrdən xəbərdar olduğu bir sayt onun özününkü kimi olur. Bu mənada bu portalın oxuculara doğma olduğunu anlatmağa ehtiyac yoxdur, məncə. Dolğun və operativ xəbərləri ilə yanaşı, sayılıb-seçilən layihələri ilə gündəmdə olan Aznews.az, həm də öz nüfuzunu qoruyan az-az saytlardan biridir. Bugünkü xəbər və şou saytlarına nəzər yetirsək, bu portalın peşəkar heyətə malik olduğunu sübut etməyə heç bir ehtiyac qalmaz.
Peşəkarların rəhbəri olan Elçin Zahiroğlunun məhkəməyə verilməsi xəbəri bir oxucu kimi həm də məni sarsıltdı. Əmin olmaq istədiyim bir məsələ də odur ki, yüksək keyfiyyətlərə malik olan Mətanət İsgəndərlini bu yola yönləndirən qüvvələr var. Həmin qüvvələr ki, Aznews-un adı gələndə tükləri biz-biz durub, qaşları düyünlənir. Həmin qüvvələrin, nə vaxtsa, hansısa paxırını məhz Aznews açıb. Həmin qüvvələr mübarizəsini bu cür "obyektiv" aparır. Ona görə, buna da inanmaq istəyirəm ki, dəyərli Mətanət xanımın özünə qalsa idi, bu qədər üstünlüyə malik saytı məhkəməyə verməzdi. Əgər o, Aznews.az portalını, əməkdaşlarını və rəhbəri Elçin Zahiroğlunu daha yaxından tanısaydı, yəqin ki, səsini məhkəmələrdən eşitdirməzdi.
Bütün hallarda bizlər informasiya cəhətdən bu saytla qidalanmışıq, Mətanət İsgəndərlinin ifaları ilə dincəlmişik. Yenə o səsin sorağındayıq.
SUSUN, SƏSİNİZİ EŞİDƏK, BARI...
Aktual.az