Şuşa: milli qürurumuzun SƏNGƏRİ

Şuşa: milli qürurumuzun SƏNGƏRİ

Aqil Alışov

Bura Şuşadır: vətənpərvərlik ruhumuzun qibləsi...

Mənə elə gəlir ki, burada hər həftə şəhid ruhlarının cümə düzülüşü olur. Sıranın önündə isə general Polad Həşimov dayanır. Nə qədər xəyali görünsə də, beynimdə belə bir fikir dolaşır: yəqin, general sıra baxışında yaraların  yoxlanışını aparır, çünki Şuşada bütün şəhidlərimiz sinəsindən, ürəyindən güllə yarası alıblar. Hə, onu da deyim ki, burada 1-ci və 2-ci Qarabağ mövzusu yoxdur, burada Qarabağ uğrunda savaşın bütün illəri var. Hətta Şərqin ilk demokratik cümhuriyyəti olan müstəqil Azərbaycanın ömrünü  2 saat uzatmaq üçün  işğalçıya qarşı vuruşan və Yalama stansiyasının keşiyini çəkən - adını bilmədiyimiz 350 şəhid də bu şərəfli sıra düzülüşündədir...

Bura Şuşadır, genetik kodumuzu, yaddaşımızı özümüzə qaytaran məkan! Buranı təkcə gözlə görmək yetmir, həm də buranı ruhla, hisslə duymaq gərəkdir. 

*

Şuşada olmasan, onun əzəmətini hiss edə bilməzsən! Buranın təbiəti və coğrafi relyefi digər rayonlarımızdan fərqlənir. Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan bu möcüzəli şəhər sanki təbiətin qeyri-adi təsviridir. Bundan başqa, bu şəhərdə həm elitalıq, həm də qürur hissi var. Şuşa Qarabağın deyil, həm də bütövlükdə Azərbaycanın döyünən ürəyidir. 

...Şuşa qəhrəmanlar şəhəridir. Hər küçəsində, hər divarında, hər qarış torpağında şəhid haqqı, şəhid baxışları var!
Şuşa - Son nəfəsində demək istəyib, amma deyə bilmədikləri şəhid ruhlarının toplandığı məkandır! 

Şuşa bütün dinlərin və dillərin - burada yaşayan xalqların qovuşduğu milli bir Azərbaycan şəhəridir. Buranı böyük Azərbaycanın bütövləşmiş şəhər modeli, ədəbi dillə desək, prototipi, təbiətin ecazkar təsviri incəsənətidir. 

Qısaca, Şuşa Xarı bülbülün ləçəklərindəki rənglər qədər çeşidli bir sənət əsəridir, amma bu əsər insan əlindən deyil, Tanrının fırçasından çıxıb. 

Divarlardan, Cıdır düzündən, Şuşanın 17 məhəlləsinin hər hər qarışından bu ifadələr sallanıb:

Mən səninləyəm, Şəhid atası!
Mən səninləyəm, Şəhid anası!

Hər gün yuxularında döyüşdə itirmiş əl-ayağını axtaran qazinin məsum baxışlarını da gördüm Şuşada...

Şuşa - dünyanın hər yerindən görünən müqəddəs şəhər!

Azərbaycanlıları üfüqdən-üfüqə aparan məğrur və möhtəşəm güclü Azərbaycan Ordusunun imzasıdır Şuşa!

Müharibə, qürur, namus şəhəri, bir ölkənin müstəqillik Bəyannaməsidir Şuşa! Təsadüfən şüşə sözündən götürülməyib. Qırılsa, bir ölkənin qüruru çiliklənər, necə ki 30 il bunu hiss etdik... Şuşa Azərbaycanın əyilmiş onurğasını dikəltdi... 

*

Səhər saat 03:59...

Bakıdan Şuşaya yola düşürük. Çox qəribə hissdir və sözlə ifadə etmək çətindir. Şuşada heç vaxt olmamışdım. Amma nəinki Şuşa uğrunda, Qarabağın bütün ərazilərini işğaldan azad etmək üçün bütün fəsillərdə barmaqlarım tətikdə, zabit olaraq döyüş tapşırıqlarım olub. Müharibədə olmasam da, bu müqəddəs savaş uğrunda hər gün öndə olmuşam. Yazılarımla bütün ideoloji cəbhələrdə, silaha sarılıb səngərlərdə oldum. Şuşa səfəri isə Allahın mənə qismət idi... 

Yola düşməzdən əvvəl azan səsini eşidirəm, kövrəlirəm, özümü hələ çatmamış Gövhər Ağa Məscidində hiss edirəm. İnsanın vücudunu titrədən bu həmin müqəddəs səsdir ki, onu  Şuşa türbəsinin minarəsindən xainlər 30 il idi əsir götürmüşdülər. Bu şəhərin havası o səsi duymağa tamarzı qalmışdı...

Ruhumuzun qibləsindən Allahın qibləsinə doğru 

Qafqazın Şeyxi ilə heç vaxt səfərlərdə olmamışam. İlk dəfə idi ki, Şuşa səfərində birgə görüşdük. Dini rəhbər, ictimai xadim, vətəndaş olaraq onun necə ağır iş qrafikinin şahidi oldum. Digər yazılarımda qeyd etdiyim kimi, Şeyx 44 günlük şərəfli  müharibənin ilk günlərində Vətəninin, dövlətinin yanında dayanaraq  erməni kilsə diplomatiyasını və ona havadarlıq edən beynəlxalq güclərin zərərsizləşdirilməsində müstəsna xidmətlər göstərdi. Onun ardıcıl olaraq dünya dini ictimaiyyətinə ünvanladığı məktublar, müraciətlər gözümüzün önündə idi. Bu müharibənin adsız qəhrəmanlarından biri də şəhid cənazələri ilə birgə addımlayan və gecə-gündüz mərasimlərdə iştirak edən din xadimləri, ruhanilər də unudulmamalıdır. Onların da başında elə Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə dayanırdı... Bu, onları şişirtmək üçün işlədilən ifadə deyil, onlar da Vətənə borclarını belə ödəyirdilər... 

Budur, artıq qürur Şəhərindəyik! Ali Baş Komandanın və şərəfli Azərbaycan Ordusunun bizə qaytardığı Şuşada. Biz ruhumuzun qibləsindən Allahın qibləsinə doğru namaza başlayırıq. Dini ictimaiyyətin önündə  yenə odur: bütün Qafqazın Şeyxi!

O, Ali Baş Komandanın ona etimadı və Allahın əta etdiyi Dinin səngərindədir. Hamı bu xoşbəxtliyə görə Allaha dua edir. Bu an mənə elə gəldi ki, 44 günlük qələbəmizə bizdən çox Allah sevinir, çünki bu torpağın halal sahibləri illər sonra burdadır. Hamının üzündə bir sevgi var, hamı burada xoşbəxt görünür. Allah isə həm də ona görə sevinir ki, burada Alllahın da evi var, biz ona məscid deyirik. Siz küfrə yoza bilərsiniz, amma mən irfana yozum: sanki Allah da evinə qayıdıb. 

30 ilə yaxın qapıları bağlı qalan Allahın evində olmaq niyə də xoşbəxtlik olmasın? Buna yalnız bədxahlar kədərlənə bilər. Yazıqlar olsun ki, belə insanlar da var. Onlar  yad ölkənin yad admaları deyil, qanı, canı bizdən olanlardır, kimisə qınamaq istəməzdim, yəni "sapı özümüzdən olan baltalar..."

Səfər zamanı Cıdır düzündən Topxana meşəsinə baxaraq göz yaşlarına hakim ola bilməyən Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik  Səxavəddin Sadıqovun üzüntüsünü gördüm. Birinci Qarabağ savaşında ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına döyüşən, döyüş yoldaşlarının Vətən fədaisi adlandırdıqları bu şərəfli zabitlə digər döyüşçü yoldaşının (Xidmətdə olan hərbçi olduğu üçün adının açıqlamaq istəmirik) maraqlı dialoquna sakitcə qulaq asıram:
- Səxavəddin, bədənində qəlpə qalıbmı? 
- Hə, qalıb.
- Bəs nə etmək fikrindəsən, ağrı verirmi? 
- Torpaqlarımız işğaldan azad olunub, ağrılar itib.
Döyüş yoldaşı mənə boylanaraq sakitcə danışır:
- Yeri gəlmişkən, özünü Ali Baş Komanadanın etibarlı əsgəri sayan polkovnik Səxavəddin Sadıqov çox nüfuzlu və vətənpərvər insandır. O, birinci Qarabağ savaşında da Şuşaya boylanıb ağlayırdı. Sanki düşmənlər onun ata mülkünü işğal etmişdilər...

...Səfər zamanı Şuşada təsadüfən Onu da gördüm-danışan, vuruşan...həm də ordumuzun ruhunu göylərə qaldıran polkovnik Elşad Əbilovu. Əlində silah əsgərlə səngərdə çiyin-şiyinə vuruşan, bizə qələbə sevincini yaşadan vətənpərvər zabitlərimizdəndir Elşad Əbilov! Birləşmə komandirinin (korpus) müavini olmağına baxmayaraq, öndə döyüşürdü həmişə...
44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə mühasirəyə düşsə də, ölümü yara-yara, döyüşə-döyüşə Şuşaya qədər gedib çıxdı. Hətta 3 dəfə şəhid xəbəri də yayıldı polkovnik Əbilovun. Şəxsiyyətinə, döyüş ruhuna, vətənpərvərliyinə hörmət etdiyim bu zabit haqqında inşallah ayrıca bir portret yazı hazırlayarıq. 
Və son

Səfərdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazilər Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirdilər.

P.S. Biz Şuşadan ayrılanda çevirilib arxaya boylandım. Bu, ayrılıq baxışı deyildi, Şuşanın qürur və əzəmətinə sarılmaq idi... 
 

Miq.Az
Xəbər 990 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR