Dekabrın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində mövcud vəziyyətlə tanış olublar.
DGK-nın mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov qurum rəhbərlərinə limanın fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra gömrük və sərhəd xidmətlərinin rəhbərləri limanda Qazaxıstan və Türkmənistan istiqamətlərində hərəkət etmək üçün növbə gözləyən yük avtomobillərinin sürücüləri ilə söhbət edib, onları narahat edən məsələlərlə maraqlanıblar.
Yük avtomobillərinin sürücüləri limanın şəraiti, eləcə də gömrük və sərhəd rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını, yalnız bərə çatışmazlığı səbəbindən yaranan növbələr və vaxt itkisinə görə narahatlıqlarını ifadə ediblər. Sürücülər Qazaxıstanın Aktau limanında bərələrdən yüklərin boşaldılması və sənədləşmə proseslərinə həddən artıq vaxt sərf olunduğunu da qurum rəhbərlərinin diqqətinə çatdırıblar.
DSX-nin rəisi E.Quliyev və DGK-nın sədri A.Əliyev qeyd olunan məsələnin həll edilməsi üçün araşdırma aparılacağını və tezliklə lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Sonra limanın buraxılış məntəqələrində gömrük və sərhəd nəzarətinin vəziyyətilə maraqlanan aidiyyəti qurumların rəhbərləri işin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar veriblər.
Daha sonra limanda yüklərin daşındığı bərələrə baxış keçirilib, kompleksin mövcud potensialı və son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin həllinə dair fikir mübadiləsi aparılıb.
Sonda adıçəkilən rəhbər şəxslər liman kompleksi ərazisindəki buraxılış məntəqələrinin piyada keçid xəttində vəziyyətlə də tanış olublar.