Gürcüstanın xüsusi xidmət orqanları noyabrın 15-də bu ölkədən Suriyaya getməyə cəhd göstərən azərbaycanlının saxlanılmasında Azərbaycan tərəfinə yardım edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini Levan İzoriya yerli "Maestro" teleşirkətinin efirində bəyan edib.
"Bizim azərbaycanlı həmkarlarımıza təqdim etdiyimiz məlumat əsasında, İŞİD-in tərəfində hərbi əməliyyatlarda iştirak etmək məqsədi ilə Suriyaya getmək üçün qanunsuz olaraq Gürcüstan sərhədini keçməyə cəhd edən Azərbaycan vətəndaşı Balakən şəhərində saxlanılıb. Azərbaycan tərəfi buna təcili reaksiya verib", - deyə o bildirib və qeyd edib ki, bu, sözügedən faktlardan yalnız biridir.
Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi noyabrın 15-də Baş Cinayət-Axtarış İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliabad kənd sakini Elman Mirzəbəyovdan "AK-74" markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürüldüyü barədə məlumat yayıb.