“Bu rayonda miqyaslı döyüşə hazırlıq gedir”.
Suriya prezidenti Bəşər Əsədin ordusu İranın, “Hizbullah” şiə təşkilatının və Rusiya aviasiyasının dəstəyi ilə ölkənin iri şəhəri Hələbdə geniş quru əməliyyatına hazırlaşır.
Aktual.az xəbər verir ki, Reuters bu barədə Suriya hökumətinə yaxın olan məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Hücum Hama əyalətindəki yaraqlılara qarşı əməliyyatın davamı olacaq.
“Bu rayonda miqyaslı döyüşə hazırlıq gedir. Bura Suriya ordusunun ciddi qüvvələri, “Hizbullah”ın elit döyüşçüləri və son zamanlarda bura gələn minlərlə iranlı cəlb edilib”, - mənbələrdən biri danışıb.
İkinci mənbə, Hələbdə döyüşün başlamasına dair qərarın qəbul edildiyini və əsasən vurğunun İran döyüşçülərinə edildiyini əlavə edib.
Oktyabrın 8-də Hələbdə İran generalı Huseyn Hamedani həlak olub, o, prezident Bəşər Əsədin qoşunlarına “İslam Dövləti” (İŞİD) yaraqlılarına qarşı hərbi əməliyyatları hazırlamaqda yardım edirdi.
Hal-hazırda Suriya ordusu Hələbin qərb hissəsinə nəzarət edir, şəhərin digər hissəsi müxtəlif qruplaşmalardan olan yaraqlıların nəzarəti altındadır. Hələbdən şimalda müxalifət “İslam dövləti”ni sıxışdırır.