Əziz insanlar, ehtiyatlı və diqqətli olun!
Unutmayın ki, avtovobilin sürətlə idarə edilməsi yolu deyil, daha çox ömrü qısaldır.
Tovuzdan qayıdırıq. Dəhşətli yol faciəsi nəticəsində həyatını itirən 3 qardaşımızın - Allahverdiyev Mübariz, Cəfərov Şahniyar, Tağıyev Rəhmanın yas mərasimində iştirak etdik. Dəhşətli faciəsir. 3 kasıb ailə əzizlərinin qəfil, faciəli ölümünün ağrısını yaşayırdılar.
Bir az da olsa paylaşmaq istədik, amma ortada bir acı gerçək də vardı. Həlak olan qardaşlarımız öz ailəsinin fəhləliklə, çətinliklə çalışaraq çörək gətirdiyi tək insanlar olublar. Birinin isə arxasında 2 azyaşlı körpəsi və hamilə həyat yoldaşı qaldı. Ünvanlı sosial yardım kimi az da olsa ailələrə dəstək ola biləcək məsələlər yerində həllini tapdı, amma o ailələrin əzizlərinin faciəli ölüm ağrısını azaltmaq çox çətindir.
Həlak olan qardaşlarımızın yarımçıq qalmış ömrünün ağrısı çox ağırdı. 4 nəfər isə yaralanıb həmin hadisə zamanı. Allahdan dünyasını dəyişən qardaşlarımıza rəhmət, yaralılara isə acil şəfalar diləyirəm. Hadisəyə səbəb isə qarşıdan gələn avtovobilin sürəti, sürücünün diqqətsizliyi və ehtiyatsızlığı olub. Bu faciə onun da faciəsidir əslində. Gənc yaşında belə bir ağrı ilə yaşamaq asan deyil. O cəzadan da dəhşətli bir şeydir. O səbəbdən bütün insanlarımızı avtovobil idarə edən zaman diqqətli olmağa çağırırıq.
Sürət yolu yox, daha çox ömrü qısaldır. Diqqətli və ehtiyatlı olun!
Hər dəfə avtomobil sükanı arxasına keçəndə gözüyaşlı qoya biləcəyiniz insanları düşünün və unutmayın ki, onlar doğmalarınız da ola bilər. Kənd yollarında yüksək sürət isə tamamilə yolverilməz olmalıdır və buna qarşı müvafiq qurumlar daha sərt mübarizə aparmalıdır. Bu qədər artan avtomobil qəzaları və ölümlərin ağrısını yaşamaq istəmiriksə, hər kəs özündən başlamalıdır. Yoxsa, artan gözüyaşlı ailələrin və içində kiminsə həyatını məhv etmək ağrısı ilə yaşayanların sayı heç azalmayacaq.
Aktual.az