“907- ci düzəliş AXC - Müsavat hakimiyyətindən qalan “miras”dır — Deputatdan sərt sözlər
"Cənab Prezident jurnalistlərlə görüşündə "907- ci düzəliş” məsələsinə xüsusi toxundu və haqlı olaraq qeyd etdi ki, bu düzəliş Azərbaycan - Amerika münasibətlərinin üzərində uzun müddət qara bulud kimi fırlanırdı...”
Aktual.az Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri ADMP sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Və mən, 907- ci düzəliş haqda ətraflı məlumatı olmayanların diqqətinə bir vacib məqamı çatdırmaq istəyirəm: Həmin hadisə 1992 - ci ildə baş verib. Yəni, AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründə! Lap dəqiq desəm: O zaman idarəçiliyin başında dayanan marjinal qrup qısa müddət ərzində diplomatiyamızı, xarici əlaqələri elə kökə saldı ki, nəhayətində bizim heç bir dövlətlə normal münasibətlərimiz qalmadı. Nə qonşularla, nə da başqaları ilə. Niyə?! Çünki ölkə xaosa sürüklənmişdi. Çünki müdafiə nazirimiz riyaziyyat, xarici işlər nazirimiz fizika müəllimi idi. Çünki Vaşinqtonun, Linkolnun, Kennedinin adını həyatında bircə dəfə də olsun eşitməyən Arif Hacılı kimi "ağıl qısırı” ilə, beşikdən birbaşa Prezident Aparatına transfer olunan Əli Kərimli kimi südəmərlə Biləcəridən o tərəfə keçmək, Azərbaycan - Amerika münasibətləri qurmaq mümkün deyildi!
Nəhayət: Əgər, o dövrdə Azərbaycanın vəzifə iearxiyasında 3 - cü pillədə qərarlaşan şəxs - mötəbər qonaqlarla, məsələn, Marqaret Tetçerlə düzənlənən görüşdə protokol gərəyi süzülmüş çaxırı son damlasına qədər başına çəkib, ardınca da bütöv dəstə "petruşka”nı barmağına dolayaraq "zakuska” edirdisə - əlbət ki, qarşısındakı xarici təmsilçi beləsi ilə nəinki dövlət təması, heç şəxsi təmas belə qurmazdı!
Ona görə də yenidən xatırlatmaq istəyirəm: Bizim bir çox bəlalarımız, problemlərimiz kimi, "907 - ci düzəliş” də, Azərbaycana AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründən "miras” qalıb və...nə təəssüf ki, həmin düzəlişin (maddənin) qəbul edilməsində ən az erməni lobbisi qədər "xidmət”i, rolu olan Əli Kərimli, Cəmil Həsənli kimi ünsürlər, siyasət dəllalları bu günün özündə də "diplomatiya” adinı dillərinə gətirməkdən və xarici media orqanlarında beynəlxalq siyasətlə bağlı palaz - palaz yazılar dərc etdirməkdən utanmırlar!” – deyə Partiya sədri fikirlərinə davam edib.