Ötən ayın sonunda rusiyalı oliqarx Ruben Vardanyanın Cənubi Qafqazda Qarabağın "dövlət naziri” vəzifəsindən azad edilməsi Rusiyanın səhnədən çıxmasının son akkordudur. O, Azərbaycanın tərkibindəki erməni separatçılarının idarə etdiyi bölgəyə Kremlin sarsıntılı nəzarətini sabitləşdirmək üçün ora göndərilib. Vardanyanın vəzifədən uzaqlaşdırılması, çox güman ki, Qafqazda onilliklər ərzində əldə olunmayan sülh sazişindən xəbər verir.
Aktual.az xəbər verir ki, bu barədə Amerikanın "Nəşnl İnterest” jurnalının yazarı Mett Uotli deyib.
"Cənubi Qafqaz kimi bir regionda Moskvanın gücünün nə qədər tez zəifləməsi sadəcə təəccüb doğurur. Cəmi iki il əvvəl Rusiyanın burada tayı-bərabəri yox idi. O, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında 2020-ci ildə Üçtərəfli Bəyanatının imzalanması üçün təkbaşına danışıqlar aparıb. Hər iki müharibə edən ölkənin liderləri Vladimir Putinin iştirakı ilə onlayn rejimdə atəşkəs bəyanatı imzalayıblar. Bundan sonra Rusiya sülhməramlılarının Qarabağa yeridilməsi baş tutub. Bu, sovet dövründən sonra Azərbaycan torpaqlarında ilk rus varlığı idi.
Beş illik müddətə baxmayaraq, Rusiyanın yeni hərbi mövcudluğunun daimi olacağı ehtimal edilirdi, lakin son on iki ayda bu inam tamamilə yox oldu. 2020-ci ildən bəri ən böyük itkilərlə nəticələnən Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmaların qarşısı Rusiya sülhməramlıları tərəfindən deyil, Amerikanın təzyiqi ilə alınıb. AB sülh danışıqlarında ağır işi görüb: tərəflər sərhədin demarkasiyasından tutmuş mina sahələrinin xəritələşdirilməsinə qədər, hər zamankından daha çox nailiyyət əldə ediblər. Ən əsası, AB Azərbaycanla Qarabağ erməniləri arasında ilk dəfə birbaşa danışıqların aparılmasında uğur qazanıb, potensial sazişə yol açıb. Rusiya autsayder olanda isə Vardanyanı bölgəyə təxribat törətmək üçün göndərdi. Qarabağın "dövlət naziri” kimi Vardanyan Azərbaycana qarşı mübarizədən açıq danışdı, Ermənistanın Baş naziri ilə açıq söz savaşı apardı və bölgədəki qızıl mədənlərindən istifadə edərək gərginliyi artırdı. Onun niyyəti bəlli idi: yalnız Kremlin söndürə biləcəyi alov yandırmaq”, - o bildirib.
Uotli qeyd edib ki, Vardanyanın məğlubiyyəti regionun Moskvanın nəzarətindən azad edilməsinin sübutudur:
"Oliqarxın rolu keçən ay Münhen Təhlükəsizlik Konfransında Azərbaycan lideri tərəfindən Rusiyaya qarşı geniş tənqidlərə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev konfransda deyib: "Biz Qarabağın erməni icmasının nümayəndələri ilə əməli ünsiyyətə başlamağa hazırıq. Amma buna yalnız Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada çirkli pulların yuyulması ilə məşğul olan şəxs - Ruben Vardanyan ərazimizi tərk edəndə başlaya biləcəyik”. İndi Vardanyan getdi və sülh danışıqları bərpa olunacaq. Rusiya sülhməramlılarının 5 illik səlahiyyət müddətinin sonuna qədər qalma şansları cüzidir. Azərbaycanlılar barışıqdan danışırlar.
Moskva regional "dondurma” siyasətini davam etdirə bilsəydi, əlbəttə ki, bunların heç biri baş verməzdi. Amma o bunu bacarmadı. İndi Rusiyanın Qafqazda təsiri zəiflədiyi üçün sülhə maneə aradan qaldırılıb. Artıq istiləşmə əlamətləri var”.
Xəbər 226 dəfə oxunub.