Sülh Şurasının ilk iclasında ölkəmizin təmsil olunması beynəlxalq əməkdaşlığa və qlobal təhlükəsizliyə, sülhə və sabitliyə verilən töhfə baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu iştirak yalnız formal diplomatik təmsilçilik deyil, eyni zamanda Azərbaycanın qlobal sülh təşəbbüslərinə prinsipial və ardıcıl dəstəyinin bariz ifadəsidir.
Aktual.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Onun sözlərinə görə, Vaşinqtonda keçirilən toplantıda Azərbaycanın növbəti dəfə nümunə kimi göstərilməsi, dövlətimiz və onun Lideri haqqında yüksək fikirlərin səsləndirilməsi təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu praqmatizm, beynəlxalq hüquqa hörmət, qarşılıqlı etimad və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu model Azərbaycanı həm etibarlı tərəfdaş, həm strateji müttəfiq, həm də real sülh təşviqçisi kimi fərqləndirir. Bu baxımdan, Sülh Şurası platformasında ölkəmizin mövqeyinin xüsusi qeyd olunması Azərbaycanın beynəlxalq sistemdə artan çəkisinin göstəricisidir. Azərbaycan regionda sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində ardıcıl siyasət yürüdərək qlobal gündəliyə real töhfələr verir.
"Şübhəsiz ki, Sülh Şurasının təsisində və qısa müddətdə institusional platformaya çevrilməsində Donald Trampın rolu xüsusi vurğulanmalıdır. Onun təşəbbüsü ilə yaradılan bu mexanizm qlobal böhranların idarə olunması, regional münaqişələrin həlli və humanitar problemlərin aradan qaldırılması istiqamətində yeni yanaşma formalaşdırır. ABŞ Prezidentinin son dövrlər sülh və sabitliklə bağlı irəli sürdüyü təşəbbüslər göstərir ki, Vaşinqton beynəlxalq münasibətlər sistemində daha çevik, nəticəyönümlü və məsuliyyətli mexanizmlərin formalaşdırılmasında maraqlıdır.
Xüsusilə vurğulanmalıdır ki, ilk iclasın yekununda "Maliyyə intizamı və şəffaflıq prinsiplərinə dair” qətnamənin imzalanması təşkilatın gələcək fəaliyyətinin keyfiyyət göstəricisi kimi qiymətləndirilməlidir. Bu sənəd yalnız texniki prosedur xarakteri daşımır. Əksinə, o, yeni yaradılan qurumun fəaliyyətində hesabatlılıq, açıq idarəetmə, maliyyə məsuliyyəti və institusional şəffaflıq prinsiplərinin prioritet olacağını təsdiqləyir. Müasir beynəlxalq təşkilatların effektivliyini şərtləndirən əsas amillərdən biri məhz bu cür mexanizmlərin tətbiqidir”, - deyə E.Musayev əlavə edib.
Deputat vurğulayıb ki, belə yanaşma Sülh Şurasının gələcəkdə qlobal etimad qazanan, legitim və funksional platformaya çevrilməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanın bu prosesdə aktiv iştirakı isə ölkəmizin yalnız regional deyil, həm də qlobal təhlükəsizlik arxitekturasında məsuliyyətli aktor kimi çıxış etdiyini bir daha nümayiş etdirir. Bütün bunlar da göstərir ki, Vaşinqtonda keçirilən ilk iclas təkcə yeni bir qurumun fəaliyyətə başlaması deyil, həm də beynəlxalq münasibətlər sistemində daha inklüziv, şəffaf və ədalətli əməkdaşlıq modelinin formalaşdırılması istiqamətində atılmış mühüm addımdır.
Xəbər 70 dəfə oxunub.