Sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərbaycan tərəfdən tanınmasının dəqiqliklə əks olunmasını razılaşdırmaq hələ mümkün olmayıb.
Aktual.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı deyib.
O, bunu sənədin imzalanmasında əsas maneələrdən biri adlandırıb:
"Digər problem Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin qeyri-müəyyənliyi, Xankəndi ilə Bakı arasında (? – red.) dialoqun formatının qeyri-müəyyənliyidir. Erməni tərəfinin fikrincə, dialoq beynəlxalq mexanizmlər çərçivəsində baş tutmalıdır.
İndiyədək sülh sazişinin mətninin təfsirindəki uyğunsuzluqların aradan qaldırılması mexanizmləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb və sülh sazişinin həyata keçirilməsinin beynəlxalq mexanizmləri məsələsi ilə bağlı da razılıq yoxdur. Biz bütün sahələrdə uğur əldə etmək üçün səylər göstəririk”.
O bildirib ki, Ermənistan tərəfi normallaşma prosesinə və sazişin imzalanmasına sadiqdir.
Xəbər 903 dəfə oxunub.