"Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdıqdan sonra Ermənistanla sərhədi aça bilər”.
Bunu qardaş ölkənin xarici işlər naziri Hakan Fidan deyib.
"Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticələnməsi istiqamətində Türkiyə öz ssenarisini hazırlamalıdır. Hazırkı fəaliyyətlər də bu istiqamətdədir. Əgər danışıqlar tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, biz Ermənistanla sərhəd qapımızı aça bilərik”, - XİN başçısı bildirib.
Bu, əslində Ermənistana son mesajdır ki, əgər həqiqətən blokada vəziyyətindən çıxıb tərəqqiyə üz tutmaq, region ölkələri ilə inteqrasiya olunmaq istəyirsə, ümumiyyətlə, öz suverenliyi və ərazi bütövlüyünə zəmanət istəyirsə, yolu məlum: öncə Azərbaycanla anlaşmalı, onunla sülh müqaviləsi imzalamalıdır. Bundan ötrü isə rəsmi İrəvan real sülh ritorikası sərgiləməli, öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmalı, eyni zamanda, Türkiyəyə qarşı soyqırım və ərazi iddialarına son qoymalıdır, nəinki xarici havadarların felinə gedərək, altdan-altdan silahlanaraq revanşist müharibəyə hazırlaşmalıdır. Qısası, sərhədlərin açılması üçün İrəvan böyük sülh tərəfdarı olduğunu əməldə sübut etməlidir, həm də bütün dünyaya. İrəvan, Nikol Paşinyan hökuməti Ankaranın son mesajını düz oxuyacaqmı? Maraqlıdır ki, son olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel münasibətlərin normallaşdırılması üzrə Türkiyə-Ermənistan danışıqlarını şərh etməkdən yayınıb. "Mənim heç bir şərhim yoxdur. Mən iki maraqlı ölkəyə bu mövzuda danışmaq imkanı verərdim”, - Patel brifinqdə jurnalistin Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin 5-ci görüşünü və ümumilikdə danışıqları şərh etmək xahişinə cavab olaraq bildirib.
AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucovun fikrincə, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılmasında və nəqliyyat kommunikasiya xətlərinin açılmasında İran və Rusiyadan fərqli olaraq Qərb maraqlıdır: "Ermənistanın Qərbə inteqrasiyası və Rusiyadan asılılığının azaldılmasının alternativ variantları yoxdur. Lakin ABŞ və müttəfiqləri bu nizamlanma prosesini elə həyata keçirmək istəyir ki, İrəvan onların nəzarətində olsun. Bunun üçün də Ermənistana maliyyə və hərbi dəstək verməklə, həmçinin Azərbaycana təzyiqlər göstərməklə güzəştlərə nail olmaq istəyirlər. Həm də ona görə ki, Ermənistandan gələcəkdə Ankaraya və Bakıya qarşı istifadə etmək üçün alət qazanmış olsunlar. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması barədə Qərbin fəal təşəbbüsləri hər zaman olub. Xüsusən də 2008-2010-cu illər arasında Qərbin təşəbbüsü ilə Ermənistan-Türkiyə arasında münasibətlərin yumşaldılmasına və 2009-cu ildə Cenevrədə ”Diplomatik əlaqələrin qurulmasına dair Protokol", digəri isə "Əlaqələrin inkişafı haqqında Protokol” imzalandı. "Futbol diplomatiyası” işə salındı. Türkiyənin o zamankı prezidenti Abdulla Gül İrəvana, Ermənistanda dönəmin prezidenti olan Serj Sərkisyan İstanbula gedib ölkələrin yığma futbol matçını izlədilər. Ermənistan və Türkiyə xarici işlər nazirləri qarşılıqlı səfərlərin və görüşlərin intensivliyini artırdılar. Ancaq Bakının Ankaraya sərt etirazları, həmçinin beynəlxalq erməni diasporunun, kilsənin müdaxiləsi, Türkiyə ictimaiyyətinin ciddi təpkisi sərhədlərin açılması məsələsini dayandırdı. O vaxtkı baş nazir Bakıya səfər edərək Ermənistan-Türkiyə sərhədlərinin açılmasının Azərbaycandan asılı olduğunu bir daha bəyan etdi. Azərbaycan 44 günlük müharibədə qazandığı möhtəşəm qələbə ilə işğal faktoruna son qoydu. Ancaq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ləng gedir. Mübahisə doğuran detalların həlli barədə İrəvan destruktiv mövqeyində qalmaqdadır. Əslində əgər hər iki tərəfin rəsmi şəxslərinin verdiyi bəyanatlara inansaq demək olar ki, mövqelər demək olar ki uzlaşdırılıb, sülh sazişinin imzalanmasına tərəflər çox yaxındır. Lakin reallıqda görünən odur, İrəvan bu prosesi sabotaj edir. Azərbaycanın beynəlxalq hüquqa söykənərək Ermənistan Konstitusiyasında əksini tapan ərazi iddialarının ləğvi barədə tələblərindən yayınır. İrəvan həqiqi sülhə nail olmaq istəyirsə, qonşu dövlətlərə qarşı ərazi və digər əsassız iddialarından imtina etməlidir. İrəvan isə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarını konstitusiya səviyyəsində saxlayır ki, bu da sülh və normallaşma sürəcinə ciddi əngəl törədir. Eyni zamanda "soyqırım” uydurmasını da dövriyyədən çıxartmalıdır. Türkiyə-Ermənistan arasında sərhədlərin açılmasına və qarşılıqlı diplomatik əlaqələrin qurulmasına İrəvan qeyd-şərtsiz nail olmaq istəyir. Yəni Paşinyan hökuməti bildirir ki, Ankara İrəvana qarşı heç bir şərt irəli sürmədən bu məsələ həllini tapsın. Bu Ermənistanın tam maraqlarına uyğundur. Çünki Ermənistan yaxşı anlayır ki, Qərbə inteqrasiya üçün mütləq Türkiyə ilə sərhədlərin açılmalı, diplomatik əlaqələrin qurulması zəruridir. Bunun başqa çıxış yolu yoxdur. Türkiyə-Ermənistan sərhədlərini, sərhəd-keçid məntəqələrini də hər iki ölkə tam hazır vəziyyətə gətirib. Ermənistanın Fransa kimi havadarlarının təhrikinə uyub Azərbaycanla sülh müaviləsinin imzalanmasını uzatması onun ziyanınadır. Bu təkcə Qərbə inteqrasiyanı tormozlamır, eyni zamanda regiona inteqrasiyasını əngəlləyir. İrəvan nəhayətdə anlamalıdır ki, Türkiyə və Azərbaycanla münasibətlərin beynəlxalq hüquq və prinsiplərə uyğun nizama salınması həm də təhlükəsizliyini güvənə almış olur. Türkiyənin xarici işlər naziri Hakan Fidan hər danışıqlar tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik deməklə məhz Ermənistana diplomatik dillə bunları anlatmaq istəyib".
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Ermənistan tərəfin vaxt qazanmaq üçün hiylə işlətdiyini bildirdi: "Türkiyə tam doğru qərar verib. Azərbaycanın dövlət və milli maraqlarına cavab verəcək açıqlama verib. Türkiyənin hörmətli xarici işlər naziri Hakan Fidan deyib ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanmayana qədər sərhədlər açılmamalıdır. Ermənistan məqsədli şəkildə sülh prosesini uzadır və müxtəlif bəhanələrlə sülhə imza atmaq istəmir. Ermənistan hiylə işlədir. Sülh sazişi olmadan Türkiyə ilə sərhədlərin açılması birbaşa Ermənistanın iqtisadiyyatına və güclənməsinə xidmət edəcək. Sual yaranır, sülh sazişi istəyən Ermənistan nədən bütün gücü ilə silahlanır? Fransadan, Hindistandan və digər ölkələrdən milyonlarla dollar həcmində silah alır?! Həmçinin Müdafiə Nazirliyinin yüksək vəzifəsinə amerikalı mütəxəssis cəlb olunur? Bütün bunlar Azərbaycanla yeni müharibəyə hesablanıb. Bunu qardaş Türkiyə rəsmiləri də yaxşı bilir. O cümlədən də Azərbaycan dövləti bunu çox yaxşı bilir. Ermənistan sülh sazişinə ona görə getmək istəmir ki, Rusiya-Ukrayna müharibəsinin sonunu gözləyir. Ümid edirlər ki, ağır blokadada olan Rusiyada Putin hakimiyyətdən devrilə bilər və Rusiyada Qərbyönümlü şəxs hakimiyyətə gələr. Yeltsin kimi biri hakimiyyətə gətirilər və Azərbaycana qarşı Rusiyanın böyük dəstəyi ilə müharibə edərlər. Bunu Amerika Ermənistana başa salıb və sülh sazişinin imzalanmamasını tövsiyə edir. ABŞ rəsmiləri indiki vəziyyətdə istəyir ki, Türkiyə Ermənistanla sərhədi açsın. Bunu Amerika gizlətsə də, Azərbaycan xalqı çox yaxşı bilir və görür. Amerika açıq və ya gizli şəkildə Ermənistana hər zaman dəstək verir”.
Xəbər 1200 dəfə oxunub.