Ekspert deyir ki, ermənilər mütləq bu addımı atmalıdır, əks təqdirdə...
"Economist Intelligence Unit” (EIU) Azərbaycan və Ermənistan sülh müqaviləsi ilə bağlı yaydığı proqnoz gündəmə çevrilib. Proqnozda Azərbaycan və Ermənistan arasında 2024-cü ildə şiddətli atışmaların davam etməyəcəyi qeyd olunur. Buna arqument kimi də sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunduğu göstərilir.
Qeyd edilib ki, sülh müqaviləsi imzalanmasa da, səmərəli danışıqlar davam edəcək: "Azərbaycan və Ermənistan öz sülh müqaviləsinin şərtlərini müzakirə etməyə davam edəcək və cənab İlham Əliyev razılaşmanın şərtlərini diktə edəcək. Ermənistan Qarabağ iddiasından əl çəkmək üçün konstitusiyasına dəyişiklik etməli olacaq. Yalnız bundan sonra sülh müqaviləsi imzalanacaq”.
Məlumat üçün bildirək ki, "Yeni Müsavat”ın ötən sayında Azərbaycan tərəfin konkret bir şərt irəli sürdüyü barədə yazı dərc olunub. Rəsmi Bakının Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmayacağı təqdirdə sülh müqaviləsinə imza atmayacağı qeyd olunurdu.
"Son vaxtlar Ermənistanın da sülh müqaviləsinin bağlanılması istiqamətində yürütdüyü fikirlər müsbət qarşılansa da, bir nüans mütləq göz önünə alınmalıdır. Ermənistan Konstitusiyasında olunacaq dəyişiklik... Əlbəttə, bu baş verməsə, bizimlə sülh müqaviləsi bağlamağın əhəmiyyəti də azalır. Çünki həmişə riyakar addımlarla yadda qalan Ermənistan siyasətçiləri konstitusiya qanunlarını əsas tutaraq gələcəkdə yenə revanşist meyllərə köklənə bilərlər. Bu baxımdan Ermənistan sülh müqaviləsinin imzalanmasına tələsməklə yanaşı öz daxilində də müəyyən dəyişikliklərə getməlidir”.
Bunu "Yeni Müsavat”a açıqlamasında VI Çağırış Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib: "Biz artıq müharibəni geridə qoymuşuq və bundan sonrakı dövr mütləq sülh prosesi ilə yekunlaşmalıdır. Çünki bizim təşəbbüsümüzlə həyata keçirilən bu proses nəticəsində Sovet İttifaqının dağılmasından sonra ilk dəfə bölgəyə sülh gələcək. Bu baxımdan Ermənistan da bizim qədər prosesdə istəkli olmalıdır. Bildiyiniz kimi, Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına iddialar yer alıb. Bu isə sülh prosesinə mənfi təsir edir. Çünki belə bir iddiası olan dövlətlə bir masa arxasına oturub sülhdən danışmaq hələlik mümkün görünmür. Biz tarixən görmüşük ki, Ermənistan rəhbərləri həmişə bizim torpaqlarımıza göz dikib və zaman-zaman da bundan istifadə etməyi bacarıblar. Ancaq artıq nə dövr o dövrdür, nə də o Azərbaycan. Biz bütün torpaqlarımızda suverenliyimizi bərpa etməklə bu məsələyə son qoyduq. Artıq sülh müqaviləsi imzalanmalıdır. Düşünürəm ki, əgər xarici təsirlər olmazsa Ermənistan başqa çıxış yolu olmadığından bu məsələdə də bizimlə ortaq fikrə gələcək. Aydın məsələdir ki, Ermənistan tam müstəqil siyasət yürüdə bilmir. Bunun nəticəsində də havadarları nə çalsa onu oynamaq məcburiyyətində qalır. Ancaq biz 7 dekabr 2023-cü il tarixində ilk dəfə vasitəçisiz bəyanat imzalamaqla bütün dünyaya göstərdik ki, əslində iki dövlət arada vasitəçilər olmadan da müsbət addımlar atmağı bacarırıq. Biz ümid edirik ki, artıq sülh müqaviləsinin imzalanması ərəfəsində Ermənistan qeyd olunan məsələlərə həssaslıqla yanaşaraq tarixi fürsəti boşa çıxarmayacaq”.
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Qərb dünyasının Cənubİ Qafqazda sülhün əldə olunmasını istəmədiyini söylədi: "Bu gün Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqdan məqsədli şəkildə yayınır. Daha doğrusunu desək, Qərb Ermənistanı sülh sazişi imzalamaqdan yayındırır. İstəmirlər Qafqazda sülh olsun. Azərbaycanın heç bir şərti yoxdur. Əlbəttə ki, ermənilər öz konstitusiyasında dəyişiklik etməlidir. Başqa bir ölkənin ərazisini öz konstitusiyasına salmaq nə deməkdir? Bu baxımdan, ermənilər bu addımı atmalıdılar. Qərb bütün gücü ilə Ermənistanı silahlandırır. Sülh istəyən ölkə niyə silah alsın ki? Bu baxımdan, sülhün tezliklə baş verəcəyi inandırıcı deyil. Ancaq ermənilər unutmamalıdırlar ki, son 30 ildə Rusiya erməniləri silahlandırdı, bəs nəticə nə oldu?”.(musavat.com)
Xəbər 423 dəfə oxunub.