Çoxumuz ilıq və ya isti su ilə duş qəbul edərik. Amma soyuq su ilə duş qəbul etməyin orqanizmə daha faydalı olduğunu bilirsinizmi? Elə isə gəlin bu faydalarla tanış olaq.
Aktual.az Soyuq duşun faydalı tərəflərini sabah.com saytına istinadən təqdim edir.
1. Qan dövranını yaxşılaşdırır.
Soyuq su dəri səthindəki qan damarlarını büzüb qanın daxili orqanlara daha çox axmasına səbəb olur. Bu zaman qan dövranı yaxşılaşır, ürək daha yaxşı işləyir, orqanizm isə toksinlərdən təmizlənir.
2. Sağlam saç və dəri.
Çox isti su saç və dərini qurumaqdan qoruyan piy vəzlərinin ifraz etdiyi yağ təbəqəsinin aradan qalxmasına səbəb olur. Bu isə saçların qurumasına, qırılmasına və kəpək əmələ gəlməsinə gətirib çıxardır. İsti su həmçinin dəridəki məsamələri də açır. Məsamələr açıldıqda isə havayla və tozla dolurlar. Bu da dəridə qara nöqtələr yaradır.
3. Oyanmaq üçün ən yaxşı vasitə.
Əgər yuxudan durmaqda əziyyət çəkirsinizsə, soyuq duş qəbul edin. Həmin dəqiqə yuxuya qalib gələcəksiniz. Eyni zamanda, soyuq suyun qan dövranını yaxşılaşdırması nəticəsində özünüzü gün boyu daha enerjili hiss edəcəksiniz.
4. Əzələlərin yığılması.
İsti su ilə yuyunmaq əzələlərin boşalmasına səbəb olur. Bu isə bədəndə əzginlik və yorğunluq yaradır. Amma soyuq duş bunun əksinə olaraq əzələlərin yığılıb möhkəmlənməsinə xidmət edir. Bu da öz növbəsində bədənə əvəzolunmaz gümrahlıq və rahatlıq gətirir.
5. Mayalandırma üzərindəki təsiri.
Soyuq duş kişilərin mayalandırma qabiliyyətini də artırır. Çünki isti su ilə duş qəbul etdikdə bədən temperaturu yüksəlir. İstiliyə tab gətirə bilməyən spermaların sayı və hərəkətliliyi azalır. Bu isə mayalandırma qabiliyyətinə mənfi təsir göstərir.
PS. Soyuq su ilə yuyunmaq ilk dəfədən dözülməz ola bilər. Amma öyrəşdikdən sonra isti sudan vaz keçəcəksiniz. Əgər bütün duş alma müddətində soyuq suya dözə bilmirsinizsə əvvəl isti su ilə yuyunub, son beş dəqiqədə soyuq sudan istifadə edə bilərsiniz. Əgər ürək xəstəsinizsə və aterosklerozunuz (damar tutulması) varsa soyuq duş qəbul etməyiniz məsləhət deyil.