“Erməni mürtəce dairələri Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törədiblər, bunu dünyaya çatdırmalıyıq”.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O bildirib ki, Azərbaycan dünyaya ölkədə multikulturalizmin mövcud olduğunu göstərir: “Bu, multukulturalizmin, tolerantlığın mümkün olmadığını deyənlərə bir cavabdır”.
Ə. Həsənovun sözlərinə görə, ermənilər saxta tarixlərini dünyaya təqdim etməyə çalışırlar:“Özlərinin törətdikləri soyqırımlarla bağlı faktları dünyaya onlara qarşı törədilmiş soyqırım kimi təqdim etməyə çalışırlar. Ona görə də biz real həqiqətləri dünyaya çatdırmağa çalışırıq. Biz qisasçılıq hissləri ilə yaşamırıq, bu soyqırımların, cinayətlərin beynəlxalq səviyyədə tanınmasını istəyirik. İstəyirik ki, BMT, beynəlxalq təşkilatlar bu cür dövlətləri heç vaxt nəzarətdən kənarda qoymasın, bu dövlətlərin qonşularla münasibətləri diqqət mərkəzində olsun, 1 milyon soydaşımızı torpaqlarından uzaqlaşdıran Ermənistanın əməllərinə qiymət verilsin. Dünya xalqları fikirləşsinlər ki, belə təcavüzkar dövlətlə qonşuluqda yaşamaq olarmı? Söhbət erməni xalqından getmir. Erməni xalqı özü də bu mürtəce rejimlərin girovudur. Ermənilər hələ də cəsarət tapıb, bu mürtəce rejimi devirə, normal dövlət qura bilmirlər. Azərbaycan ziyalıların dəstəyi ilə həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.