Bakı Apellyasiya Məhkəməsində Şabran rayon sakini Elnur İsmayılovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, 2015-ci il aprelin 17-i axşam saat 18 radələrində Suraxanı rayon 11 saylı Təcili tibbi yardım stansiyasına Bül-Bülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1 ünvanından çağırış daxil olub. Briqada qəsəbəyə çatanda, özünü ağır xəstənin əri kimi təqdim edən şəxs onları qarşılayıb evə aparıb. Çarpayının üzərində, huşsuz vəziyyətdə olan uzanıqlı qadının yuxu arteriyası yoxlanıldıqda, onun artıq öldüyü müəyyən edilib. Evdən çıxanda Elnur İsmayılov həyəcanlı halda, meyitin Təcili yardım maşını ilə Tovuz rayonuna aparmasını xahiş etsə də, həkim polisin icazəsi olmadan mərhumu heç yerə apara bilməyəcəyini deyib. Daha sonra hadisə yerinə Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları cəlb olunublar. Fakta görə həmin tarixdə rayon prokurorluğunda cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Çiçək Alıyevanın sifət və bədən nahiyyələrində çoxsaylı sıyrıq və qançırlar aşkar edilib. Ölümünə ağız və burun dəliklərinin əllə qapanması nəticəsində törənən mexaniki asfiksiya səbəb olub.
Hadisədən 12 gün sonra, ayın 29-da Elnur İsmayılov Şabran RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və Suraxanı RPİ-nin əməkdaşlarına təhvil verilib.
İstintaqla müəyyən edilib ki, Elnur İsmayılov qeyri-rəsmi ər-arvad münasibətində olduğu Çiçək Alıyevanın ona xəyanət etməsindən şübhələnərək, onunla dəfələrlə mübahisə edib. Aprelin 17-də kirayə yaşadıqları evə gələrkən o, qadının otaqdakı çarpayının üstündə əyləşib, telefonla yazışdığını və sonra telefonu gizlətdiyini görüb. Elnur Çiçəkdən telefonu istədikdə, sonuncu qəti şəkildə buna etiraz edib. Qısqanclıq zəmnində Alıyevanı qəsdən öldürmək qərarına gələn İsmayılov, əvvəlcə onun sifət və baş nahiyyələrinə yumruq və təpiklə zərbələr vurub. Niyyətini başa çatdırmaq istəyən şəxs qadının döşəmədə əyilmiş və hərəkətsiz vəziyyətdə olmasından istifadə edərək, onun burun və ağız dəliklərini qapayıb. Bununla da, Alıyevanın sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək, onu qəsdən öldürüb.
İş üzrə dindirilmiş Elnur İsmayılov bildirib ki, ayın 12-də Çiçəyin mobil telefonuna baxarkən, onun sosial şəbəkədə müxtəlif adlarla qeyd olunmuş şəxslərlə yazışmalarını görüb, bu səbəbdən onların arasında mübahisə ba. verib. Aprelin 17-də otağa daxil olarkən, Alıyevanın telefonla yazışdığını və onu görən kimi telefonu döşəyin altına qoyduğunu görüb. Əvvəl ondan telefonu tələb edib, sonra sifətinə 2 dəfə sillə vurub, döşəyin altından telefonu götürmək istəyərkən, Çiçək əlini doşləmək istəyib. O arvadının kürəyindən ayağı ilə zərbə vurub və telefonu alıb, baxarkən onun bir oğlanla yazışdığını görüb. Həmin vaxt artıq qadının səsi çıxmayıb, o əyilmiş vəziyyətdə çarpayıya söykənib və rəngi ağarıb. Elnur təcili yardıma zəng edib, sonra Çiçəyi qucağına alıb çarpayıya uzatıb, bir neçə dəfə süni nəfəs verib, lakin qadında heç bir tərpəniş olamyıb. İsmayılov qeyd edib ki, Alıyevanı öldürmək fikiri olmayıb və onu boğmayıb.
Məhkəmə prosesində Elnur İsmayılov ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki Çiçəyi öldürmək üçün heç bir səbəbi olmayıb. Ayın 17-də işdən çıxıb evə gəldikdə qapıların açıq və arvadının mətbəxdə yerdə uzanıqlı vəziyyətdə qaldığını görüb. O, dərhal yoldaşını yatağa uzatıb, onun qardaşı Əzim Alıyeva, sonra isə təcili yardıma zəng edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbər 3710 dəfə oxunub.