Sosial mənzillərin tikilməsi çox böyük layihədir və əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan dövləti, Prezidenti tərəfindən atılan növbəti uğurlu bir addımdır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, sosial mənzillərin tikilməsi ideyası Prezident İlham Əliyevə məxsusdur:“Milli Məclisin bu ilin yaz sessiyasında cənab Prezidentin təşəbbüsü ilə parlamentə qanun layihəsi də daxil olmuşdu. Həmin qanun layihəsi sosial mənzillərin tikilməsinin hüquqi əsaslarını yaradırdı. Sonra bu işlə məşğul olacaq dövlət agentliyi, digər strukturlar yaradıldı. Demək olar ki, bu ilin sonuna qədər sosial mənzillərin tikilməsinə başlanılacaq”.
Deputat bildirib ki, bu layihə aztəminatlı vətəndaşları, gənc ailələri qısa müddət ərzində tam təmir olunmuş, hər şəraiti olan mənzillərlə təmin etmək imkanı yaradacaq: “Dünyanın bir çox ölkələrində belə təcrübələr mövcuddur. Bu təcrübənin Azərbaycanda da tətbiq olunması həm əhalinin mənzil təminatını yaxşılaşdıracaq, həm də inşaat sektorunun fəaliyyətini gücləndirəcək. Eyni zamanda, bu layihə xeyli sayda peşə sahiblərinin məşğulluğunun təmin olunmasına, yüksək əmək haqqının verilməsinə və ölkə iqtisadiyyatının inkişaf etməsinə gətirib çıxaracaq. Tikinti elə bir sahədir ki, özündən əlavə 30-a yaxın başqa sahələrin də inkişafına səbəb olur. Bu həm sosial layihədir, həm də iqtiasadiyyatın qeyri-neft sektorunun gücləndirilməsi üçün atılan çox uğurlu bir addımdır”.
M.Quliyev deyib ki, təkcə Bakı şəhərində deyil, respublikanın müxtəlif regionlarında bu işin həyata keçirilməsi üçün artıq göstərişlər verilib: “Nazirlər Kabineti tərəfindən lazımi sənədlər hazırlanıb. Bu layihənin reallaşması cənab Prezidentin Azərbaycanın aztəminatlı vətəndaşlarına, gənc ailələrə yeni bir töhfəsi olacaq”.