Sorosun İrəvandakı “qalasını” yıxırlar

Sorosun İrəvandakı “qalasını” yıxırlar

Fondun ləğvi ilə bağlı məhkəmə iddiasına baxılacaq;  Paşinyanın pul kisəsinə təhlükə
 
Soros Fondunun Ermənistandakı ofisinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilib. Erməni mediası xəbər verir ki, vəkillər Tiqran Atanesyan və Marqarita Gilumyanın Soros Erməni Fondunun ləğvi ilə bağlı iddiasına İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Aleksey Sukoyan baxacaq.

Vəkillər Tiqran Atanesyan və Marqarita Gilumyan "korrupsioner oliqarx Corc Sorosun Ermənistandakı ofşor ofisi”nin ləğvini tələb edirlər. "Məsələnin böyük əhəmiyyətini və aktuallığını, eləcə də məhkəmə prosesinin uzun müddət davam etməsini nəzərə alaraq, həmin ofşor qurumun dövlətə və antimilli fəaliyyətinə ən qısa zamanda son qoyulması vacibdir. Bütün mümkün təhlükələrin qarşısını almaq üçün biz məhkəməyə müraciət etdik ki, təhlükəsizlik tədbiri tətbiq edilsin. Qərar qanuni qüvvəyə minənədək Sorosun ofşor ofisinin fəaliyyəti dərhal dayandırılsın. Bundan sonra isə həmin bədnam ofisin Ermənistandan qovulması reallığa çevriləcək”, - deyə Tiqran Atanesyan deyib.

 İrəvan məhkəmə informasiya sistemindən verilən məlumata görə, iddia ərizəsi iyunun 14-də daxil olub. Artıq baxılması üçün məhkəmə tərəfindən təsdiq edilib.

Qeyd edək ki, "Soros Ermənistan” Fondu müxalifət düşərgəsi tərəfindən hazırkı baş nazir Nikol Paşinyanı maliyyələşdirməkdə ittiham olunur.

Ermənistan rəhbərliyinin Soros Fondunun təsiri altında olan adamlardan ibarət olması sirr deyil. Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Hazırda 70-dən çox ölkədə Soros Fondunun yerli ofisləri var.

Dünyanın bir çox ölkələri Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan "Açıq Cəmiyyət Fondu - Ermənistan” (Soros Fondu) demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çatdı. Sorosun bir nömrəli adamı Ermənistanın baş naziri oldu.

Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başladı. Belə ki, təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib. Eyni zamanda "Açıq cəmiyyət - Ermənistan” Fonduda koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb.

Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab etmək üçün səy göstərib, amma onun ən uğurlu olduğu ölkə Ermənistan olub. Artıq birmənalı şəkildə deyə bilərik ki, Ermənistan Corc Sorosun idarə etdiyi ölkəyə çevrilib.

Sorosu Ermənistanda bağlamaq istəyi təkcə bir qrup ermənilərin deyil, əlbəttə ki, Rusiyanın da marağındadır. Çünki Paşinyan fondan gələn pullarla "müstəqil siyasət” yürütməyə həvəslənir. O cümlədən bu fond sülhə qarşı da əngəldir. Bəs Sorosun "İrəvan qalasını” dağıtmaq mümkün olacaqmı?
 
Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Paşinyanın başı üzərindəki qara buludlardan söz açdı: "Soros Fondunun Ermənistandakı ofisinin bağlanması ilə əlaqədar məhkəməyə edilən müraciət hesab edirəm ki, Paşinyanı silkələyəcək bir addımdır. Çünki Soros Ermənistanda hazırkı hakim komandanın oksigenidir, pul mənbəyidir. Divin canı şüşədə olduğu kimi, Paşinyan və ətrafının siyasi varlığı da Sorosdan asılıdır, onun əlindədir. Zatən hakimiyyətə gəlişləri də bu fondun cəhdləri və israrı ilə mümkün olub. Ona görə yəqin müxalifət oturub, düşünüb və anlayıb ki, Ermənistanda həmin fond bağlanmayana qədər normal siyasi mübarizəyə zəmin yaranmayacaq. Amma məsələnin maraqlı tərəfi təkcə bu deyil. Diqqət çəkən detal həm də odur ki, məlum gedişat Ermənistanın Rusiya ilə münasibətlərinə də ciddi təsir edəcək. Belə ki, bu illər ərzində Paşinyan məhz Sorosun dəstəyinə görə ”müstəqil siyasət" maskası taxmışdı, imitasiya edirdi və Rusiya ilə münasibətlərdə maksimum saymazyana davranırdı. İndi isə Paşinyanın əlindən bu imkan da çıxacaq və yenə "Fatı” obrazına girəcək. Üstəlik, fondun bağlanması, daha dəqiqi, ləğvi üçün məhkəməyə müraciət edən şəxslər  - Tiqran Atanesyan və Marqarita Gilumyan indiyə qədər siyasi camiədə tanınan imzalar olmayıblar,  prosesə qəfil transfer ediliblər və elə fondun ləğvi ilə bağlı müraciət edən kimi də iddiaları icraata götürülüb. Həm də ən üst məhkəmə instansiyası tərəfindən. Yəni demək istədiyim odur ki, burada təsadüfdən daha çox planlı mexanizm var. Perspektiv də aydın görünür. Parşinyanın başı üzərində "qara buludlar” var. Onun əlində olan yeganə güc, pul mənbəyi əldən çıxır. Güman ki, Soros özü də məlum konfliktdə iştirakçı olmamaq üçün xüsusi cəhdlər etməyəcək, ofisini bağlayıb aradan çıxacaq. Çünki Paşinyana bu günə qədər qoyulan mayalar özünü doğrultmayıb. Paşinyan 44 günlük müharibədə rəzil günə qalıb, uduzub, geri çəkilib. Bu isə həm də Sorosun pullarının batması, batırılması deməkdir. İnanın, hətta o ehtimal da mümkündür ki, Soros bu müraciəti özü etdirib, Paşinyandan canını qurtarmaq istəyir. Yəni səbəblər müxtəlif ola bilər. Amma məsələyə hansı prizmadan baxılırsa baxılsın, fakt faktlığında qalır ki, Soros olmadan Paşinyan ortalıqda kimsəsiz qalacaq. Çünki bu adam siyasətlə yox, pul-para ilə önə çıxıb. İndi həmin pul kəsilsə və maliyyə dayağı əldən çıxsa, Paşinyanın siyasi süqutu artıq qaçılmaz olacaq".
Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Paşinyanın bu şəbəkəyə bağlı olduğunu qeyd etdi: "Sorosun fəaliyyətinin təməlində dövlət avtoritetinin aşağı salınması dayanıb. Heç kimə sirr deyil ki, Soros Fondu narıncı inqilabların maliyyə mənbəyidir. Ermənistanda isə durum belədir ki, rusların təsiri bürokratik hüquqi aparatda çoxdur. Ona görə burada biz deyə bilərik ki, savaş Rusiya və Amerika arasında gedir. Təbii ki, altda hər iki qanada sığınanlar var. Birinə millətçi rusofillər, digərinə millətçi qərbfillər. Sorosun təsirinin bitməsi ilə iş bitməz. Beynəlxalq kapitalist düzəni soroslarını istehsal etməyə davam edəcək. Bu da onu tələb edir ki, beynəlxalq iqtisadi münasibətlərdə dövlət nəzarətindən kənar maliyyə hərəkətləri azalmalı, getdikcə olmamalıdır. Maliyyə hərəkəti mütləq azad olanda Soroslar ortaya çıxır. Paşinyan da bu qlobal şəbəkəyə bağlıdır”.
 
Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva bu məsələni ciddi saymır: "Soros Fondu əslində Ermənistanda Paşinyandan öncə, rusiyapərəst siyasət yürüdən Köçəryanın dönəmində açılıb. Həmin fond bu gün hakimiyyətdə olan Paşinyanı posta gətirən qurum kimi tanınır. İndi ofisin Ermənistanda bağlanması düşünmürəm ki, Rusiyanın dəstəyi ilə olsun. Ümumiyyətlə, ofisin bağlanması məsələsinin ciddi olmadığını düşünürəm. Çünki bu barədə məlumatlar artıq iki ildir ki, mətbuatda yayılır. Fondun indiki hakimiyyətə dəstəyini, ayırdığı maliyyə vəsaitlərini, Rusiyanın təşkilatçılığı ilə İrəvanda uzun müddətdir baş verən iğtişaşları nəzərə alsaq, ehtimal etmək olar ki, bu cür xəbərlərin yayılması manipulyasiya məqsədi daşıyır”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR