“Son söz demək hüququnu Azərbaycan həmişə özündə saxlayır” DADP sədri

“Son söz demək hüququnu Azərbaycan həmişə özündə saxlayır”   DADP sədri

“İndi istər Qərbin, istərsə də Rusiyanın Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqe, dolayısıyla Azərbaycana olan münasibətlərini də ortaya qoyur”. 

Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov I Avropa Oyunları fonunda cərəyan edən geopolitik prosesləri şərh edərkən deyib. O qeyd edib ki, nə Rusiya, nə də Qərb ikili standartlardan əl çəkmək istəmir:

“Böyük güclər (ilk növbədə isə Rusiya ilə Qərb) arasında rəqabət və antoqonizm daha da dərinləşdikcə, dünyada və o cümlədən Cənubi Qafqazda geopolitik durumun konturları get-gedə daha aydın şəkildə görünməyə başlayır. İndi istər Qərbin, istərsə də Rusiyanın Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqe, dolayısıyla Azərbaycana olan münasibətlərini də ortaya qoyur. Əslində isə bu qüvvələrdən heç biri ikili standartlardan əl çəkmək istəmir. Amma problemin təsir dairəsi genişləndikcə, onun həll olunmasına ayrılan vaxt da daralır. Bu səbəbdən indi Avropa da, Rusiya da Azərbaycan kimi perspektivli tərəfdaşı itirməmək üçün hər biri bu vaxtdan maksimum öz xeyrinə istifadə etməyə çalışır. 

Hal-hazırda Rusiya Avropanın buraxdığı hər bir səhvdən çox mahir şəkildə yararlanır. Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramına prezident səviyyəsində qatılmamasından həmən sonra Putinin ilk Avropa Oyunlarını izləmək üçün Azərbaycana gələcəyi xəbərləri də bu günlər xeyli intensivləşib. Gözlənilən bu səfərin bir neçə səbəbi arasında Türkiyə-Rusiya münasibətlərinin yenidən yumşaldılmasına cəhd vurğulansa da, hesab edirəm ki, əsas səbəb Azərbaycanı Avrasiya İttifaqına bir daha dəvət etməkdir. Çünki son vaxtlar Avropanın Azərbaycana qarşı ədalətsiz təpkiləri gücləndirməsi, Qarabağ məsələsinə laqeyd yanaşması, bugünə kimi problemi ölü nöqtədən bir addım da tərpətməməsi, bununla yanaşı Azərbaycana qarşı qara piar kampaniyalarını dəstəkləməsi Azərbaycanın Qərbə qarşı inamının müəyyən dərəcədə sarsılmasına gətirib çıxarıb. Rusiya da məhz belə bir məqamda özünü nəinki forpostu olan Ermənistanın, ümumiyyətlə, bütün Cənubi Qafqazın himayədarı və ya böyük dostu kimi təqdim etmək şansını qazanır. Ona bu özgüvəni aşılayan səbəblərdən biri də Dağlıq Qarabağ məsələsinin sülh yoluyla həlli açarını hələ də öz əlində saxlamasıdır”. 

Ə.Hüseynovun sözlərinə görə, Rusiya-Türkiyə yaxınlaşması baş verərsə, bu, Azərbaycanı da beynəlxalq siyasətin, qlobal dünya proseslərinin böyük oyunçusuna çevirə bilər və eyni zamanda da itirilmiş torpaqlarımızı geri almağımıza zəmin yaradar. 

“Avropa öz tarixi təcrübəsindən bilməlidir ki, qonşu ölkələrin eyni coğrafi məkanı paylaşması siyasi xəritədə onların maraqlarını toqquşdursa da, ancaq bəzən uzlaşdıra da bilir. Necə ki, birinci və ikinci Dünya müharibələrinin dağıdıcı fəsadlarından sonra Avropa ölkələri Avropa Birliyinin çətiri altında nəhayət ki, birləşə bildi. Analoji hadisə hazırki situasiya fonunda Qafqazda gözlənilməsə də, Dağlıq Qarabağ, Abxaziya və Şimali Osetiya kimi problemlər məhz bu regionda yerləşən dövlətləri eyni masa ətrafına yığa bilər və yığması da təbiidir. Avropa isə Azərbaycanın Rusiya ilə belə yaxınlaşmasına göz yuma bilmir, lakin Azərbaycanın gündəliyindən düşməyən Qarabağ məsələsinə illərdir ki, heç bir töhfə də vermir. Amma bu cür kritik bir məqamda proseslər Türkiyə və Rusiyanın yaxınlaşması xəttiylə inkişaf edərsə, biz yaxın gələcəkdə tamamilə fərqli bir mənzərənin şahidi olacağıq. Türkiyə Azərbaycana qardaş ölkədir. Biz istər tarixdəki, istəsə də, hal-hazırki Rusiya-İran yaxınlaşmalarına, Rusiya-Ermənistan partnyorluğuna nəzər salanda görürük ki, bu birləşmələrin hər biri zaman-zaman Azərbaycandan ərazilərin qoparılmasıyla nəticələnib. Amma Rusiya-Türkiyə yaxınlaşması baş verərsə, bu, Azərbaycanı da beynəlxalq siyasətin, qlobal dünya proseslərinin böyük oyunçusuna çevirə bilər və eyni zamanda da itirilmiş torpaqlarımızı geri almağımıza zəmin yaradar”.

Partiya sədri vurğulayıb ki, biz hələ bir müddət konkret müttəfiqlərimizi müəyyən etməkdə, kimin bizə ürəkdən can yandırdığını, kimin isə dırnaqarası münasibət göstərdiyini dəqiqləşdirməkdə çətinlik çəkəcəyik: 

“Mən burda bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, böyük güclər Azərbaycanın hal-hazırda tam müstəqil siyasət yürütdüyünü görür və anlayırlar. Ona görə də Ukraynanın, Gürcüstanın,Ermənistanın siyasi həyatına etdikləri birbaşa müdaxiləni Azərbaycana qarşı həyata keçirə bilmirlər. Onlar dolayısı vasitələrlə (bəzi hallarda isə hətta siyasətin yazılmamış qanunlarını belə pozaraq) Azərbaycana təzyiq göstərməyə, rəsmi Bakını küncə sıxışdırmağa çalışırlar. Bu baxımdan hesab edirəm ki, biz hələ bir müddət konkret müttəfiqlərimizi müəyyən etməkdə, kimin bizə ürəkdən can yandırdığını, kimin isə dırnaqarası münasibət göstərdiyini dəqiqləşdirməkdə çətinlik çəkəcəyik. Amma son sözü demək, son nöqtəni qoymaq ixtiyarını Azərbaycan həmişə özündə saxlayır”.

Aktual.az

Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR