"Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalması söz və mətbuat azadlığına təzyiq cəhdidir. Hesab edirəm ki, Fransa hüquq-mühafizə orqanları hadisəni operativ şəkildə araşdırmalı, bu təxribatı həyata keçirənlərə qarşı adekvat cəza tədbirləri görməlidir”.
Bunu
Aktual.az -a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Soltan Məmmədov bildirib ki, jurnalistlər bu hücuma öz peşə borclarını yerinə yetirərkən məruz qalıb. Hadisəyə mətbuat və söz azadlığının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatları da öz münasibətini bildirməlidir. Baş vermiş insidentlə bağlı Fransa parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərini də məlumatlandırmağa çalışacağını bildirən deputat vurğulayıb ki, hadisəni törədənlərin məsuliyyətə cəlb olunmaması mənfi presedent yarada bilər: "Jurnalistin öz vəzifəsini icra edərkən silahla hədələnməsi sıradan bir hadisə deyil. Düşünürəm ki, Fransa hökumətinin müvafiq strukturları məsələyə ciddi yanaşmalıdır. Avropanın mərkəzində belə bir xoşagəlməz hadisənin yaşanmasına etinasız münasibət göstərilməməlidir”.
Soltan Məmmədov bildirib ki, AZTV əməkdaşlarına hücumun Fransada davam edən iğtişaşlar fonunda baş verməsi söz və ifadə azadlığına dözümsüz münasibətin göstəricisidir. Deputat müvafiq qurumların ən qısa vaxtda hadisəni törədənlərin məsuliyyətə cəlb olunması və dəyən zərərin ödənilməsi üçün təcili tədbirlər görəcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Xəbər 297 dəfə oxunub.