"SOCAR Polymer” MMC-də İctimaiyyətlə əlaqələr şöbəsinin irəli sürdüyü "Məktəbliləri ruhlandıraq” layihəsi çərçivəsində əldə edilmiş nəticələr hədəflərə əsasən qiymətləndirilib.
Şirkətdən "Report”a verilən məlumata görə, ilk mərhələsi 2018-ci ilin I rübünü əhatə etmiş bu layihə kimya fənnini yenicə öyrənməyə başlamış 7-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Layihənin məqsədi kimya dərslərində əldə edilən biliklərin həyatda lazım olduğunu və praktiki dəyər kəsb etdiyini şagirdlərə çatdırmaq, kimya elminin maraqlı və əyləncəli tərəflərini açıqlamaq və ən əsası kimya sənayesinin inkişaf etdiyi Azərbaycanda gənc nəsli bu sahəyə diqqət yetirməyə və müvafiq peşələrə yiyələnməyə ilhamlandırmaqdır. Bundan əlavə, məktəblilər kimya sənayesi sahəsində fəaliyyət göstərən "SOCAR Polymer” şirkəti ilə tanış olmaq və konkret olaraq polimerlər haqqında yeni məlumatlar öyrənmək fürsətini əldə ediblər.


Qeyd edək ki, "Məktəbliləri ruhlandıraq” layihəsi Prezident İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunmuş "İnsan resurslarının yaxşılaşdırılması və elmin inkişafı” (Maddə 5.4) və "Təhsil müəssisələrində kadrların inkişafı proseslərinin iş bazarının tələblərinə uyğunlaşdırılması” (Maddə 5.4.5) məqsədlərinin icrası istiqamətində həyata keçirilir.