İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) 2016-cı il üçün “Ən yaxşı qlobal layihələr” müsabiqəsinin qaliblərini elan edib.
Aktual.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilmiş SOCAR Tower “Ofis binası” nominasiyasında qalib gəlmişdir. ENR jurnalının təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçmiş, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil etmiş, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirmişdir. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları və digər obyektlər təqdim olunmuşdur. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınmışdır. Müsabiqənin qalibləri haqqında ətraflı məlumat ENR jurnalının 19 sentyabr buraxılışında dərc ediləcək. Qaliblərə mükafatlar oktyabrın 11-də Nyu-Yorkda New York Hilton Midtown otelində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaqdır.
SOCAR-ın yeni inzabati binası - SOCAR Tower Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilmişdir. Tikinti işləri 2010-cu ildə başlanılmış, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlmişdir. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.