Siyəzəndə polislər insanları dağılışmağa çağırır

Siyəzəndə polislər insanları dağılışmağa çağırır

Yanvarın 13-də  etiraz aksiyası keçirilmiş Siyəzəndə polislər küçələrdə qalan etirazçıları dağılışmağa səsləyirlər.

Siyəzənin mərkəzi küçəsinə Çevik Polis Alayının xüsusi təyinatlıları nəzarət edirlər. Axşamüstü sakinlər yolları bağlamağa cəhd ediblər, polis gəldikdə isə ərazidən uzaqlaşıblar. Bəzi etirazçılar polisə daş atıblar.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Aktual.az-a daxil olan məlumatda deyilir ki, cari il yanvar ayının 10-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, ucuzlaşmanın davam etməsi və yaranmış qlobal maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanda da milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha fəal iş aparılması barədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Konkret olaraq, respublika hökumətindən qısa müddətdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması, gündəlik tələbat mallarının qiymətlərinə ciddi nəzarət edilməsi, əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin qaldırılması, bütün sosial proqramların tam icra edilməsi və s. zəruri tədbirlərin görülməsi tələb olunub.

Lakin bu istiqamətlərdə intensiv işlərin həyata keçirildiyi bir vaxtda obyektiv səbəblərdən yaranmış mövcud mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstəriblər.

Belə ki, 2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilib. İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Nəticədə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilib, onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilib, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnib.

Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb.

Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olduğundan fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilib, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.

Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib.

Bir daha nəzərə çatdırılır ki, dünyada baş vermiş iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində dövlət başçısının birbaşa nəzarəti altında hökumət tərəfindən həyata keçirilən davamlı tədbirlərə ziyan gətirən və respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqazidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaq.

// Aktual.az

Xəbər 4677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR