Televiziya kanalları arasında rəqabət artıq etik prinsiplər çərçivəsindən çıxıb. Telekanallar arasındakı son olaylar, ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın Binəqədidə baş verən yanğınla bağlı efirdə işlətdiyi ifadə və bundan sonra ATV və ANS telekanallarının əməkdaşları arasındakı başlayan söz dueli cəmiyyətdə də narazılıqla qarşılanıb.
Jurnalistlərin çalışdığı keçmiş telekanallara qarşı ittihamlar irəli sürməsi və ya telekanalın keçmiş işçisi ilə bağlı yaranan fürsətdən istifadə edərək, onu “vurması” kimi hallar jurnalist etikasına da ziddir. Bu baxımdan telekanallar arasındakı son qalmaqal mətbuatda tənqidlərə məruz qaldı.
Adətən, belə durumlarda hökumət nümayəndələri də televiziya kanallarını tənqid edib, onların yayım siyasəti ilə bağlı tövsiyələr verirdilər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hər dəfə öz məqalələrində efirdə baş verənləri tənqid edirdi.
Bəs, görəsən son qalmaqaldan sonra iqtidardan telekanallara yayım siyasəti ilə bağlı hər hansı xəbərdarlıq və ya tövsiyə gələcəkmi?
Mövzu ilə bağlı musavat.com-a danışan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, özəl televiziyaların işinə müdaxilə etmək doğru deyil: “Onlar hamısı özəl televiziyalardır. Özləri bilərlər. İki qəzet də bir-biri ilə mübahisə apara, bir-birinin əleyhinə yaza bilər. Partiya sədrləri də bir-biri ilə hansısa məsələ haqqında mübahisə edirlər. Buna kimsə qarışmalı deyil, özləri bilərlər”.
S.Novruzovun bu fikirlərinin əksinə olaraq, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev APA-ya açıqlamasında telekanallar arasındakı qalmaqalı sərt tənqid edərək, bildirib ki, bəzi telekanalların reytinq naminə baş vermiş hadisəni özlərinin təbliğatına çevirmək cəhdləri də açıq şəkildə hiss olunur: “Belə hallara heç nə ilə bəraət qazandırmaq olmaz. Nəzərə almaq lazımdır ki, tamaşaçı və dinləyici özü hansı televiziya və ya radionun verilişlərinin daha yaxşı olduğunu, hansı aparıcının daha peşəkar və ya qeyri-peşəkar olduğunu hər kəsdən daha yaxşı bilir”.
Q.Cəbiyev iş yerini dəyişərək, bir telekanaldan başqa bir telekanala keçən bəzi insanların yaradıcılıqla məşğul olmaq əvəzinə, daha çox qisasçılıq yolu tutduğunu da söyləyib: “Faciə ilə üz-üzə qalan insanları xilas edən, bunun üçün həyatını təhlükəyə atan neçə-neçə fədakar insan olub. Yaxşı olardı ki, media ekstremal şəraitdə qəhrəmanlıq göstərmiş insanları cəmiyyətə təqdim etsin. Təəssüf ki, əlində mikrofon və ya kamera olan insanlardan bəziləri tez çaşır, hədlərini aşır, onlar üçün yaradılmış efir imkanlarından sui-istifadə edərək, yetənə yetir, yetmədiyinə də daş atır. Hansısa səbəblər ucbatından iş yerini dəyişərək, bir telekanaldan başqa telekanala keçən bəzi insanlar həyatlarının, yaradıcı fəaliyyətlərinin yeni və daha maraqlı səhifələrini yaratmaq əvəzinə, daha çox qisasçılıq yolu tuturlar. Ola bilsin ki, onları nə zamansa, kimlərsə incik salıb. Amma iki insan arasındakı inciklik iki telekanal arasındakı intriqa üçün əsas ola bilməz və olmamalıdır”.
Aktual.az