Xaçmaz rayonunda 271 həkim ştatının böyük bir hissəsi boşdur.
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, rayonda 75 həkim çatışmır.
Ümumilikdə isə şimal rayonlarında 200-ə yaxın həkimə ehtiyac var. Bu rəqəm Qubada 45,Şabranda 21, Siyəzəndə 17 təşkil edir. Bölgənin dağlıq rayonu olan Qusarda da bu problem mövcuddur. Amma burada həkim problemini həll etmək üçün qabaqlayıcı tədbirlər görülməyə başlayıb. Tibb Universitetinə bu il qəbul olunmuş yerli gənclərlə görüşün keçirilməsi də məhz bu məqsəddən irəli gəlib.
Qusar rayon mərkəzi xəstəxanasının baş həkim Mübariz Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda kənd xəstəxanaları ,kənd həkim məntəqələri və rayon mərkəzi xəstəxanası da daxil olmaqla 15 vakant həkim yeri var. M.Zeynalov bu gün Tibb Universitetində oxuyan, o cümlədən yenicə tələbə adını qazanmış gənclərin həkim diplomunu alaraq geri qayıtmalarını tövsiyyə etdiyini dedi.
Gələcək həkimlərlə görüş
Gələcək həkimlər də ali təhsildən sonra Qusara qayıtmaq fikrində olduqlarını bildirdilər. Qusar şəhər 1 saylı orta məktəbin məzunu Lalə Ağadadaşova 626 bal toplayaraq Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialına daxil olduğunu dedi və söz verdi ki, peşəkar bir həkim kimi öz rayonlarına qayıdacaq. Tələbələrə ağ xalat və xatirə hadiyyələri də təqdim edilib.