Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon olimpiya kompleksində Şəmkir hərbi birliyinin, rayon icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkil etdiyi Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəcə bayraq gününə həsr olunmuş video çarx təqdim olunub. Çıxış edən natiqlər ölkəmizdə dövlət rəmzlərinə, o cümlədən bayrağa böyük hörmət və sevgi bəslənildiyini xüsusi qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov hərbi xidmətdə fərqlənən əsgərlər və müharibə veteranlarını bayram münasibətilə təbrik edərək onları xüsusi hədiyyə ilə mükafatlandırıb.
Tədbirdə Azərbaycanın xalq artisti Azərin, Zümrüd Tağıyeva, "Vətən uğrunda!" hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin finalçıları Sabir Əliyev, Rəşad İsmayıl və hərbi orkestrlə Elnur Abbasov konsert proqramı ilə çıxış ediblər. Gəncə Qarnizonu Zabitlər Evinin hərbi teatr kollektivinin hazırladığı “Ayağa dur Azərbaycan” adlı kompozisiya və "N" saylı hərbi hissənin kəşfiyyat qrupunun nümunəvi çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olb.
"Vətən uğrunda!" hərbi-vətənpərvərlik Şurasının İnternet orqanı və sosial şəbəkədə fəaliyyət göstərən "Vətən uğrunda!" səhifəsinin, eləcə də ümumi layihə haqqında hazırlanan video çarxda 2 ay ərzində görülən işlər haqqında ətraflı informasiya yayımlanıb.
Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri atəşfəşanlıqla sona çatıb.
Bundan başqa, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Rəhim Səmədov açıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni ifa olunub.
Sonra kursantlar Dövlət Bayrağı haqqında iştirakçılara geniş məlumat verib, bayraq haqqqında şeirlər səsləndirilib.
Tədbirdə iştirak edən Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi Xoşqədəm Bağırova Liseyin ictimai həyatında fəal iştiak edən və 2014-2015-ci tədris ilinin nəticələrinə görə tədrisdə və intizamda fərqlənən kursantlara diplom və qiymətli hədiyyələr təqdim edib.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin vətənpəvərlik ruhunda musiqi nömrələri ilə davam etdirilib.
Eyni zamanda, bayram münasibətilə Hərbi Polis İdarəsinin bir qrup şəxsi heyəti də Dövlət Bayrağı Muzeyində olub. Hərbçiləri buradakı eksponatlarla muzeyin direktor müavini Samir Hüseynov tanış edib. Bildirilib ki, azərbaycanlı memarlar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bayraqları nümayiş olunur. Burada həmçinin XVII-XVIII əsrlərə aid bayraqların elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları da vardır. Muzeydə poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər nümayiş etdirilir.
Hərbi qulluqçular Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, müxtəlif qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri ilə tanış olublar.
Dünyanın nadir muzeylərindən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir.