Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın diversiya-kəşfiyyat qrupunun (DRQ) Belqorod vilayətinə hücumunu şərh edib.
Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, baş verənlər dərin narahatlıq doğurur.
"Bu, bir daha təsdiqləyir ki, ukraynalı yaraqlılar ölkəmizə qarşı fəaliyyətlərini davam etdirirlər”, – deyə Kreml sözçüsü bildirib.
Peskov qeyd edib: "Bütün bunlar bizdən böyük səylər tələb edir”.
Jurnalistlər ondan Belqorod vilayətinin ərazisinə nə qədər diversantın daxil olduğunu və daha neçəsinin orada qala biləcəyini soruşublar. Kreml nümayəndəsi belə rəqəmlərin adını çəkə bilməyəcəyi cavabını verib. O, izah edib ki, hazırda xüsusi xidmət orqanları hücum edənlərin kimliyini və onların sayını öyrənməklə məşğuldur: "Onlar bunu biləndən sonra onlara sual vermək mümkün olacaq”, – deyə Peskov bildirib.
Jurnalistlərin Belqorod vilayətinə hücumda etnik rusların iştirak etməsi ilə bağlı iradına Peskov belə cavab verib: "Bunlar Ukraynadan olan ukraynalı yaraqlılardır”.
Peskovun sözlərinə görə, Ukraynada çoxlu etnik ruslar yaşayır: "Ancaq yenə də onlar ukraynalı yaraqlılardır”, – Kreml sözçüsü vurğulayıb.
Jurnalistlərin Belqorod vilayətinin ukraynalı yaraqlılardan təmizlənməsinin niyə bir gündən artıq davam etdiyi ilə bağlı sualını Peskov FSB və hüquq-mühafizə orqanlarına yönləndirib.
Peskov Rusiya prezidentinin yaxın zamankı planlarından da danışıb. Onun sözlərinə görə, Vladimir Putin bu həftə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ənənəvi görüş keçirməyi planlaşdırır. O, bildirib ki, Belqorod vilayətində baş verən hadisələrə görə dövlət başçısının planlarında xüsusi görüş yoxdur.
Xəbər 615 dəfə oxunub.