Nardaranda silahları könüllü surətdə təhvil verəcək şəxslər haqqında heç bir cinayət işi başlanılmayacaq.
Aktual.az-ın məlumatına görə, bunu AzTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazir qeyd edib ki, Nardaran hadisələri ilə əlaqədar intensiv olaraq Baş Prokurorluq tərəfindən istintaq işləri aparılır: "Daxili İşlər Nazirliyinin həm polis, həm də daxili qoşun qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıblar. Dünən və bu gün heç bir insident baş verməyib. Lakin biz 4 gündür ki, orada yaşayan vətəndaşlardan rəsmi olaraq silahı yerə qoymağı, əllərdə olan avtomat, tapança, qumbaraları könüllü olaraq təhvil verməyi tələb edirik".
R.Usubovun sözlərinə görə, təəssüflər olsun ki, bu günədək bir ədəd silah belə könüllü surətdə təhvil verilməyib: "Xüsusilə Nardaranda yaşayanlardan bir daha tələb edirəm, xahiş edirəm ki, əllərdə olan silahları təcili olaraq həmin yerlərdəki polis postlarına təhvil versinlər. Kimlər ki, könüllü surətdə silahları təhvil verəcək, onlar haqqında heç bir cinayət işi başlanılmayacaq. Bizim hazırladığımız xüsusi əməliyyat nəticəsində 6 avtomat, çoxlu tapança, partlayıcı qurğular, maddələr götürülüb və bu iş davam etdirilir".
Aktual.az