Sidik yolları şişlərini yaradan səbəblər - VİDEO

Sidik yolları şişlərini yaradan səbəblər  - VİDEO

Araz Bayramov: “Sidik kisəsi polipləri sidikdə qanla özünü büruzə verir”

“Sidik yollarının şişləri, yəni urotelial kanser sidik çıxarıcı yolların hüceyrələrinin mutasiyası nəticəsində yaranır və bu xəstəlikdən əziyyət çəkən xəstələrin sayı sürətlə artır”.

Bu sözləri Aktual.az-a açıqlamasında Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq Araz Bayramov söyləyib.

Onun sözlərinə görə, sidik kisəsi polipləri sidikdə qanla özünü büruzə verir:

“Tez-tez sidiyə getmə, yalançı sidiyə getmə hissiyyatları ilə xarakterikdir. Belə xəstələr mütləq uroloji müayinədən keçməli və sidik kisəsinə endoskopik yolla, yəni sistoskopiya ilə girib baxılmalıdır. Əgər polip aşkar olunarsa, endoskopik yolla rezeksiya olunmalı, yəni tam çıxarılmalıdır. Histoloji müayinəyə göndərildikdən sonra sidik kisəsinin hansı qatlarına yayılması və hansı dərəcədə olması aşkarlanır. Bu da öz növbəsində gələcəkdə prosesin izlənilməsi və müalicəsi baxımından önəmlidir. Müasir urologiyada sidik kisəsi polipləri endoskopik yolla, xüsusən də plasma-kinetik üsulla rezeksiya olunaraq, çıxarılır”.

Sidik yolları şişlərinin yaranma səbəblərindən danışan Dr. Araz Bayramov bildirdi ki, siqaret çəkən insanlarda bu xəstəliyə tutulma riski daha yüksəkdir:

“Uzun müddət ağrıkəsici dərmanlardan istifadə, o cümlədən kimyəvi boyalardan, neft məshullarından istifadə urotelial kanserin yaranmasına səbəb olan əsas amillərdəndir. Eyni zamanda bu xəstəliyə irsi meylliliyi olan insanlar vaxtaşırı olaraq müayinədən keçməlidirlər”.

Adnan/Aktual.az

Xəbər 29211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR