Hər zaman olduğu kimi, bu gündə cəmiyyətin inkişafı prosesində ən ağır yük mətbuatın , xüsusilə hər gün evimizin " qonağı ” olan radio və televiziyaların üzərinə düşür.
Gizli deyil ki, mənəvi -əxlaqi dəyərlərin yaşamasında , gənc nəslin formalaşmasında teleradio kanalları mühim önəm daşıyır.Bu baxımdan Azərbaycan teleməkanında "Space” TV əhəmiyyətli rol oynayır. Tam səmimiyyətlə deyə bilərəm ki, bu kanal fəaliyyət göstərdiyi dövr ərzində fəaliyyəti, yaradıcılıq axtarışları, eləcə də cəmiyyət həyatına müsbət mənada müdaxiləsi ilə diqqət çəkib. "Space” milli-mənəvi dəyərlərimizin inkişafında, tariximizin və mədəniyyətimizin tanıdılmasında, əxlaqi dəyərlərin qorunmasında, gənc nəslin tərbiyəsində, maarifçilik ideyalarının yeni ənənələrlə inkişafında, mənəviyyatın zənginləşməsində böyük səy göstərib.
Bu televiziyanın fəaliyyətini, bir - birindən fərqli və maraqlı proqramlarını daim diqqət mərkəzində saxladığımdan, təəssüratlarımı qısaca şəkildə oxucularla bölüşmək istərdim. Sözügedən TV-nin araya-ərsəyə gətirdiyi verilişlərin əksəriyyətində klassika ilə müasirliyin vəhdəti qorunub. İnformasiyaların tərəfsiz və qərəzsiz olmasına xüsusi diqqət yetirilib. Analitik materialların təhlili zamanı obyektivlik qorunub. Bununla yanaşı, tolerantlığa, milli adət-ənənələrə söykənmək, azərbaycançılıq dəyərlərinə üstünlük vermək, maarifçilik ruhlu proqramlar hazırlamaq "Space”nin əsas fəaliyyət prinsipinə çevrilib. Əlbəttə, əldə edilən uğurlarda, heç şübhəsiz, kanal rəhbərliyinin, xüsusilə,Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət mükafatı laueratı, görkəmli rejissor Vaqif Mustafayevin rolu danılmazdır. Onun yüksək səriştə və bacarığı, televiziyanın fəaliyyətinə peşəkarcasına rəhbərliyi, hər bir proqramın hazırlanmasına diqqət və həssaslıqla yanaşması, ictimai rəyə üstün yer verməsi bu gün cəmiyyətdə "Space” TV-yə böyük nüfuz və hörmət qazandırıb.
Azərbaycançılığı yeni dəyərlərlə yaşatmaq, inkişaf etdirmək, ictimai, milli-bəşəri əhəmiyyətli maarifçilik təcrübəsini genişləndirmək, zənginləşdirmək və bu istiqamətdə maraqlı layihələr həyata keçirməklə nümayiş mədəniyyətinin ən yaxşı nümunələrinə imza atmaq "Space” TV-nin bütünlükdə məram və məqsədini ifadə edir, desək, yanılmarıq.
"Space”nin respublikamızın siyasi, iqtisadi, humanitar həyatında baş verən yeniliklərə dair xəbərləri, reportajları, müsahibələri mövzunun aktuallığı, ekran-efir həlli, operativliyi, ən başlıcası isə dolğunluğu ilə həmişə diqqəti cəlb edib. Bir-birindən maraqlı müəllif proqramları, tok-şoular, musiqli-əyləncəli və intellektual verilişlər hazırlayaraq tamaşaçılara təqdim ediblər və bu fəaliyyət hazırda da uğurla davam etdirilir.
Əminliklə deyə bilərəm ki, ötən illər ərzində formalaşan "Space”nin bu gün özünəməxsus siması var və hazırda Azərbaycanın ən uğurlu televiziya kanallarından birincisidir. Bu uğur gərgin yaradıcılıq axtarışları nəticəsində əldə edilib. Rəhbərlik bir məsələyə daim mühüm önəm verib: kanal müasir zamanın tələblərinə cavab verməli, onun qarşıya qoyduğu vacib məsələləri həll etməyi bacarmalıdır.
Hazırda ölkəmizin sosial- ictimai həyatında çox böyük, mütərəqqi proseslər cərəyan edir. Azərbaycan yeniləşir, müasirləşir, həyatın müxtəlif sahələrində çox geniş, əhatəli islahatlar aparılır. Dövlət başçısı cənab İlham Əliyevin yorulmaz səyi nəticəsində respublikamız həm daxili, həm də xarici siyasətdə böyük uğurlar əldə edir. Təbii ki, belə şəraitdə "Space” televiziyası cəmiyyətdə gedən mühüm, aktual proseslərdən kənarda qala bilməz və qalmır da. Bax, bu baxımdan kanalın hazırladığı sosial-iqtisadi, ictimai xarakterli verilişlər keyfiyyət baxımından diqqət çəkməklə yanaşı, respublikamızda yaşanan prosesləri hərtərəfli işıqlandırır. Burada bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi. "Space” belə verilişlər hazırlayarkən, ilk növbədə, ölkədə baş verən yenilikləri, mühüm hadisələri önə çəkir, həm də bu zaman ictimaiyyətin təkliflərini, tələblərini, təşəbbüslərini diqqətlə hərtərəfli araşdırmağı, təhlil etməyi unutmur.
"Space” TV-nin ölkəmizin beynəlxalq aləmdə təbliği, dünya xalqları ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində özünəməxsus dəst-xətti var. Bu, ayrı-ayrı vaxtlarda xarici ölkələrin Azərbaycandakı səfirlərinin, eləcə də respublikamızdan kənarda yaşayan həmvətənlərimizin sözügedən kanal barədə fikirlərində də öz ifadəsini tapıb. Yeri gəlmişkən, xatırladım ki, "Space” TV hazırda dünyanın aparıcı KİV-ləri, o cümlədən bədii və sənədli filmlər istehsal edən şirkətləri ilə sıx əməkdaşlıq əlaqələri qurub. Kanalın verilişlərinə hazırda dünyanın bütün qitələrində tamaşa edirlər.
Xatırladım ki, bu yayım şəbəkəsi, əsasən, respublikamızın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı, adı çəkilən TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir.
"Space” televiziya kanalının Azərbaycan Respublikasının bir çox nazirlikləri ilə birgə layihələri var. Daxili İşlər Nazirliyi tərəfindən dəstək verilən "Siqnal”, telekanalın və TQDK-ın birgə yaratdığı"Abituriyent”, Səhiyyə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olan "Sağlamlıq” verilişləri buna misal ola bilər.
"Space” TV-nin əsas qayəsi yuxarıda xatırlatdığım kimi, öz fəaliyyətində azərbaycançılığı, milli-mədəni dəyərləri təbliğ etmək, plüralizmi daha da genişləndirməkdir. İctimai-siyasi məsələlərin daha geniş əhatə olunması, elmin, təhsilin inkişafı ilə bağlı yeni proqramların işlənməsi, müxtəlif mədəniyyət, incəsənət layihələrinin inkişaf etdirilməsi, ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların fəaliyyəti ilə əlaqədar verilişlərin hazırlanması bu baxımdan diqqət çəkir. Bunlara misal kimi "Hər səhər”, "Hər gün”, "Hər həftə”, "Xanımlar saatı”, "Bizim həkim”, "Uşaq aləmi”, "İşgüzar xəbərlər”, "Siqnal”, "Zəhmətkeş ulduzlar”, "Banu” və s. adlarını çəkmək olar.
Tamaşaçılara təqdim olunan verilişlərdən bəzi məqamlara da toxunmaq istərdim. Amma bu zaman əvvəlcə kanalda yaradılan yaradıcılıq ab-havasına ötəri nəzər salmaq istərdim. Şübhəsiz ki, belə mühit, şərait aparıcıları ekrandan məsuliyyətlə söz deməyə sövq edir. Bu isə kanala geniş auditoriyanın hörmətini qazanmaq imkanı yaradır. Bununla bağlı elə təkcə "Hər gün” informasiya proqramına nəzər salmaq kifayətdir. Bu proqramı diqqətlə izləyən peşəkar tamaşaçı kanalda telejurnalistikanın qəbul edilən norma və standartlarına ciddi əməl edildiyinin şahidi olur.
"Hər gün” ölkənin ictimai-siyasi, sosial həyatının əks olunmasında mühüm önəm daşıyır və aparılan sorğular, təhlillər göstərir ki, bu informasiya proqramı tamaşaçılar tərəfindən böyük maraqla baxılır. Adı çəkilən verilişin məntiqi davamı kimi "Hər həftə” analitik proqramında isə həftə ərzində respublikamızda baş verən ictimai-siyasi hadisələrə analitik prizmadan yanaşılır, qiymət verilir və müəyyən proseslər tamaşaçılara obyektiv şəkildə açıqlanır.
Bir məsələni də xüsusi vurğulamaq istərdim. "Space” TV-də reportyor, xəbər aparıcısı və şərhçi fakt və hadisələrə balanslı və qərəzsiz yanaşmağı bacarır, pafosu yaxına buraxmır.Kanalda yurnalistlərin hadisələrə yanaşması, xəbəri çatdırma tərzi yeni, oxu və danışıq manerası təbii, tamaşaçı ilə ünsiyyəti səmimi olur.
Yeri gəlmişkən, "Hər səhər” (musiqili-informasiya proqramı) verilişinin adını da xüsusi çəkmək istərdim. Bu proqram özünəməxsusluğu və orijinallığı ilə seçilir. Verilişə mütəmadi olaraq elm, təhsil, mədəniyyət, media sahəsində çalışan tanınan simalar dəvət edilir, tamaşaçılar baş verən müxtəlif hadisələrlə tanış olur, eyni zamanda, müxtəlif janrlı musiqi nömrələri zövqləri oxşayır.
Kəsəsi,"Space” TV səmimidir. Bu televiziya qeyd etdiyim kimi, milli-mənəvi dəyərlərimizin qorunmasında, tariximizin və mədəniyyətimizin yaşadılmasında, gənc nəslin tərbiyəsində əvəzsiz rol oynayır. "Space” TV-yə belə uğurlu fəaliyyətin davam etdirilməsini arzulayıram.
Xəbər 6250 dəfə oxunub.