“Sevgi yoxdursa, həyat yoxdur” - Çilənay Hüseynova

“Sevgi yoxdursa, həyat yoxdur”  - Çilənay Hüseynova

Gənc bəstəkar Çilənay Hüseynovanın Aktual.az-a müsahibəsi

- Rayner Maria Rilke deyib ki, yazmadan yaşaya biləcəyinə inanırsansa, yazma. Bəstəkar olmağı ananız (Nuriyyə Hüseynova) tövsiyyə etdi, yoxsa hiss etdiniz ki, bəstələmədən yaşaya bilmirsiniz?

- Yazmasam da, yaşayaram, amma yazanda bir başqa yaşayıram.Yəqin Nazim Hikmətin bu sözləri sizə tanışdır.Yaratmağın nə günü, var nə də saatı. Ailə həyatım və iş şərtlərimlə bağlı mən aylarla sənətimdən uzaq qala bilərəm. Ancaq mən daima beynimdə kompozisiyalar qururam,yeni əsərlər üzərində düşünürəm,vaxtımın bir hissəsi zümzüməylə keçir. Pianonun qarşısına keçəndə isə beynimdə və qəlbimdə formalaşdırmağa çalışdığım fikir və duyğuları dərhal gerçəkləşdirirəm. Yaradıcı işə yönəlməyim üçün mənə heç kim göstəriş verməyib. Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfini bitirmişəm. Hamı məndən əsər ifası gözləyərkən, mən öz əsərlərimi yaradırdım. Çünki bəstəkarların əsərlərini çalmaq onları dinləmək qədər mənə xoş gəlmirdi. İlk əsərimin adı “Dalğalar” idi, sözsüz musiqi bəstələmişdim. Bəstələdiyim mahnılar mənim yaradıcılığımın az hissəsidir.Daima özümü böyük əsərlər yaratmağa hazırlayıram.

- Uilyam Folkner yazıçının xəstəliyə mübtəla olmuş insan olduğunu iddia edir.Xəstəlikdən xilas olmağın yeganə yolu əsəri yazıb ondan xilas olmaqdır.Musiqidə vəziyyət necədir? Bəstələmək üçün sizin də xəstəliyə düçar olmağınız lazım gəlirmi?

- Bəlkə biz də xəstəyik ancaq bunun fərqində deyilik.Həyatda bizi nələrin gözlədiyindən xəbərsizik.Başqalarına mənasız görünən hər şey yaradıcı insana təsir göstərə bilir.Beethoven Vyana küçələrinin birində dostuyla gəzirmiş.Bir mənzildən musiqi səsi gəlir, Beethoven başını qaldırıb oraya tərəf baxır.Mənzilin ikincə mərtəbəsindən musiqi səsi gəlir.Beethoven dostuna ifaçının möhtəşəm çaldığını, onu görmək istədiyini deyir.İkinci mərtəbəyə çıxıb qapını döyürlər.Qapını açan şəxs Beethoveni tanıyaraq sarsılır.Beethoven piano səsinə gəldiyini və ifaçını görmək istədiyini deyir.Qadın piano çalanın öz qızı olduğunu deyib onları içəri dəvət edir.Qızın olduğu otağa girirlər, anası qıza Beethovenin gəldiyini deyincə, qız həyəcana qapılır.Kor qız Beethoveni görmür.Beethoven isə qıza deyir ki, məndən bir şey istə.Böyük bəstəkar qızın ondan maddi bir şey istəyəcəyini gözləyərkən qız deyir ki, ay işığını heç görmədim, mənə onu izah edərsinizmi? Bəli, ürəyimcə olan əsərlərimi, təbii ki, hələ yaratmamışam.Ürəyimcə olan əsərimi yaratsam belə, düşünəcəyəm ki, yox, bu da tam mənim istədiyim əsər deyil. Öz əsərlərimə daima tənqidi yanaşıram, onları dinləyərkən normal insan kimi dinləmirəm, nələrisə axtarıram.Kənardan fikir bildirən dinləyicilərlə mübahisə edirəm, düşünürəm ki, onlar mənim nə dediyimi anlamayıblar. Digər tərəfdən isə sarı simə toxunmağın asan olmadığını düşünürəm. Deyəsən,bunun üçün xəstə olmaq şərtdir. Təbii ki, kütlənin düşündüyü şəkildə xəstə olmaqla yaratmaq üçün xəstə olmaq bir-birinə tamamilə zidd olan məfhumlardır.

- Bəstələrinizə nə qədər pul verirlər? O pul sizi qane edirmi, onunla normal şəkildə yaşaya bilirsinizmi? Bəstələrinizi ananız ifa edəndə sizə pul verirmi?

- Mən bəstələrimə qiymət qoymamışam, bu barədə heç düşünməmişəm.Onlar mənim fəxrim, başucalığımdır.Amma gözləmədiyim halda mahnılarım üçün pul verənlər olub.Bütün mahnılarım anamındır.Ona verdiyim bəstələrimə görə aramızda pul söhbəti ola bilməz.

- Siz müsiqi bazarını tamamilə kənardan seyr edən bəstəkarsınız. O bazar sizə necə görünür?

- Mənə normal görünür. Əsəri sevilirsə, dinləyicilər rəğbət bəsləyirsə, bəstəkar onun maddi qarşılığını almalıdır. Müğənnilərin bəstəkarlardan mahnı alması bir az da bəstəkarın məşhurluğuna bağlıdır. Bəstəkar tanınmalıdır ki, müğənnilər də onun əsərlərini alıb oxusunlar.

- Nə musiqi, nə də rəng sənətini söz sənətindən ayırmaq olmaz. Sizin söz sənətiylə aranız necədir? Füzuli, Nəbati,Seyyid, Vahid, Şəhriyar oxuyursunuzmu?

- Söz böyük qüvvədir, musiqini yaradan da sözün özüdür. Musiqinin sözdən fərqi sözün konkret olmasındadır. Musiqi isə anlayanlar üçün min bir fikirdir. Subay olanda daha çox oxuyurdum. İndi 2 övladıma görə, vaxt məhdidiyyətim var. Daha çox sevgi şeirləri və romanlar oxuyurdum.

- Dünya musiqi sənətində təsirləndiyiniz və ruhunuza yaxın hiss etdiyiniz sənətkarlar kimlərdir?

- Bəstəkarları saymaqla bitməz: Bethoven, Şopen,Raxmaninov, Dvorjak, Antonin və b. ifaçılardan isə Celine Dion, Aleksandra Safina, Uitney Hyuston mənim xoşuma gəlir.

- Hal-hazırda hansısa əsərlər üzərində işləyirsiniz yoxsa vaxtınızı oxumağa və dinləməyə sərf edirsiniz?

- Hal-hazırda romanslar, fortepiano üçün musiqilər və lirik mahnılar üzərində işləyirəm.İndilik ailə işləri vaxtımı çox aldığına görə, yaradıcılıq işlərinə konsentrasiya problemi yaşasam da gələcəkdə böyük əsərlər yaradacağıma inamım tamdır.

- Saytımız vasitəsiylə ölkənin musiqi ictimaiyyətinə vermək istədiyiniz mesajlar varmı?

- Xüsusi mesajım yoxdur. Hər kəsə klassik musiqi qədər zərif düşünməyi arzu edirəm. Ən gözəl musiqilər sevgidən yaranır. Sevgi yoxdursa, həyat yoxdur. Fikirlərimi bölüşmə fürsəti verdiyinə görə Aktual.az-a təşəkkür edirəm.


Rumiyyə MİRASLAN

Xəbər 4807 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR