Azərbaycanda avtobusu sərxoş idarə edən sürücülərə qarşı xüsusi cəzaların tətbiq edilməsi təklif edilir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələrdə öz əksini tapıb.
Belə ki, Məcəllənin 152-1-ci maddəsinə irəli sürülən əlavələrə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif olunur.
Digər əlavəyə əsasən, eyni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif olunur.
Əlavədə həmçinin, yuxarıda qeyd olunan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 aydan 3 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif edilir.