“Proses yerindən tərpənməlidir”.
Azərbaycan danışıqlardan çıxmayıb və bizə danışıqların nəticəsinin olması lazımdır.
Aktual.az-ın APA-ya istinadla verdiyi məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, bir neçə gün əvvəl Ermənistanın danışıqlardan çıxması barədə prezident Sarkisyanın, daha sonra isə Ermənistanın danışıqları davam etdirmək niyyətində olduğu barədə xarici işlər nazirinin bəyanatını xatırladıb.
“İndi isə Sarkisyan danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil.
Ermənistanda ciddi müzakirələr gedir və təhlil edirlər. Hamı üçün bəllidir ki, status-kvo qəbuledilməzdir. Status-kvonun saxlanması nə danışıqlara, nə də sülhə kömək edir.
Danışıqlara isə hansısa şərtlərlə gəlmək olmaz. İrəvanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir. Proses yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunların işğal olunmuş Azərbaycan ərazilərində olmasıdır.
Bu məsələni nə qədər tez həll etsək, o qədər imkan yaranacaq. Şərtlərlə sülh prosesinə kömək etmək olmaz, bu, sülh prosesini öldürməkdir”, - deyə Nazir vurğulayıb.
XİN rəhbəri bildirib ki, Azərbaycan həmsədrlərlə təmasdadır.
Nazirin sözlərinə görə, həmsədrlərlə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər.
“Görüş keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik”, - deyə nazir bildirib.