Sosial Məsələlər Komitəsinin Paris iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edilib.
Aktual.az xəbər verir ki, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır.
AŞPA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və deputatların mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir.
“Mən qürur hissi ilə bildirirəm ki, bu ilin noyabr ayında AŞPA-da, təşəbbüskarı və müəllifi olduğum 3 qətnamə layihəsi qəbul edildi – işğal edilmiş torpaqlarımız, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi ilə bağlı qətnamə təkliflərim əsasında Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” Siyasi Məsələlər Komitəsində 4 noyabrda və bu gün Sosial Məsələlər Komitəsində Sərsəng su anbarına dair qətnamələr. İki illik gərgin mübarizə nəticəsində qəbul edilən bu rəsmi sənədlər Ermənistanın işğalçı siyasətini bütün dünyaya bəyan edir, onların Azərbaycan torpaqlarını özününküləşdirmə niyyətini puç edir və bu qətnamələrin ciddi nəticələri gözlənilir. Bu qətnamələr Azərbaycan prezidenti cənab İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur. Bu, mənim bir Azərbaycan övladı kimi vətənimə, xalqıma, seçicilərimə olan borcumun bir damlasıdır. Ümid edək ki, bu qətnamə layihələri AŞPA-nın 2016-cı ilin yanvar sessiyasında öz təsdiqini tapacaqdır. Gəlin yanvar qələbəsinə də ümid bəsləyək. Çünki bu, bizim haqq səsimizdir!”, - deyə E. Süleymanov vurğulayıb.
Aktual.az