Sərkisyan danışıqlardan rəsmən imtina etdi

Sərkisyan danışıqlardan rəsmən imtina etdi

Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan “Bloomberg” agentliyinə ötən bazar günü, aprelin 24-də İrəvanda, öz iqamətgahında verdiyi müsahibədə deyib. Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

“Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”-Sərkisyan bildirib. Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi.

“Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”-Sərkisyan deyib.

“Bloomberg” qeyd edir ki, 4 günlük müharibədən sonra daha genişmiqyaslı müharibənin əngəllənməsi üçün intensiv beynəlxalq diplomatiya yürüdülüb. Ötən həftə sonu Sərkisyan İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Aprelin 6-da isə Lavrov Bakıda prezident İlham Əliyevlə danışıqlar aparmışdı və Rusiyanın münaqişənin nizamlanmasına dair təkliflərinin olduğunu bildirmişdi.

Lakin Sərkisyan deyib ki, Lavrov “heç bir yeni təklif gətirməmişdi”: “Çünki o yaxşı başa düşür ki, 4 günlük müharibədən dərhal sonra danışıqlardan bəhs etməyin mənası yoxdur”.

Ermənistan prezidenti 4 günlük müharibə haqda danışaraq deyib ki, döyüş əməliyyatları 200 kilometrlik təmas xətti boyu gedirdi. “Azərbaycan Dağlıq Qarabağın özünə daxil olub sonra ultimatum irəli sürmək istəyirdi”-o iddia edib.

Müsahibədə Sərkisyan ilk dəfə etiraf edib ki, ermənilər bu döyüşlərdə ərazi itiriblər. Onun sözlərinə görə, Azərbaycan qoşunları “təmas xəttinin şimalında və cənubunda” kiçik ərazini nəzarət altına alıb. “Ancaq bu ərazilər strateji əhəmiyyət kəsb etmədiyindən əlavə itkilər hesabına onları geri qaytarmağa cəhd etmirik”-Serj Sərkisyan bildirib.

Sərkisyan deyib ki, hərbi əməliyyatlar Moskvada baş qərargah rəisləri arasında əldə edilmiş razılaşma ilə dayandırılsa da münaqişə zonasına rus sülhməramlılarının yeridilməsindən söhbət gedə bilməz. “Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyil, ancaq mən indi belə imkan görmürəm”-o deyib.

“Əgər heç bir danışıqlar yoxdursa Rusiya qüvvələri Qarabağda necə peyda ola bilər?”-Sərkisyan sual edib. Onun fikrincə, Rusiya “irimiqyaslı müharibəni əngəlləmək üçün” Azərbaycanla Ermənistan arasında balanslaşdırma həyata keçirir.

Ermənistan başçısı danışıqların başlaması üçün şərtlər irəli sürərək deyib ki, həmsədr ölkələr təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etdirməli və “bir daha bu cür hadisələrin baş verməyəcəyinə dair” təminat verməlidir.

Sərkisyan habelə deyib ki, o, 2011-ci ildə Kazan şəhərində Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır idi. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü.

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR