Sentyabrın 28-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Konfransı” öz işini davam etdirib.
ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu dəfəki müzakirələrdə sərbəst hərəkət azadlığı, məcburi köçkünlər və fundamental azadlıqlar mövzusu müzakirə olunub.
Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistanda insan haqlarının vəziyyəti barədə danışıb, rəsmi Bakıdan siyasi sığınacaq istəyərək, Azərbaycana gəlmiş erməni siyasətçi Vaan Martirosyan haqqında geniş məlumat verib.
Vaan Martirosyanın Bakıda keçirdiyi mətbuat konfransı zamanı dediklərini toplantı iştirakçılarının diqqətinə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov Ermənistan prezidenti Serj Sarkisyanın təkcə Azərbaycanın deyil, həm də erməni xalqının düşməni olduğunu bildirib.
ADİHİ rəhbəri çıxışının sonunda Serj Sarkisyanın Sentyabr 26-da Yerevan şəhərində keçirilən tədbirdə Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim etməsini erməni hakimiyyətinin beynəlxalq qanunlara tüpürməsi kimi dəyərləndirib və ATƏT-in Minsk Qrupunun avtomatik olaraq, öz fəaliyyətini dayandırdığını və yeni müharibənin başlayacağını diqqətə çatdırıb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa nümayəndələrinə müraciət edən hüquq müdafiəçisi Əhməd Şahidov onların Ermənistan prezidentinin sın açıqlamasına münasibət bildirmələrini istəyib.