Ukrayna polisi ölkənin qərbində yerləşən İvano-Frankovsk vilayətində dörd şübhəlini saxlayıb.
Aktual.az xəbər verir ki, onlardan satışı qadağan olunan uran-238 (uranın izotoplarından biri) götürülüb.
Məlumata görə, saxlanılan şəxslərin ölkənin şərqindəki Rusiya meyilli separatçılarla əlaqələri var. Bildirilir ki, hadisə haqqında dərhal Ukrayna prezidenti Pyotr Poroşenko məlumatlandırılıb. Ukrayna KİV-inin yazdığına görə, separatçılar radioaktiv maddələr və partlayıcı qurğular əldə edərək “çirkli” atom bombası istehsal etməyə çalşacaqlar.
Qeyd edək ki, nüvə döyüş sursatlarının 3 növü ayırd edilir: atom, istilik nüvə və kombinə olunmu. Nüvə partlayışı məqsədilə əsas istifadə edilən elementlər uran- 233, uran-235 və plutonium-239-dur, bəzən kombinə olunmuş sursatlarda uran-238 istifadə olunur.
Xatırladaq ki, Rusiya vətəndaşı, “Luqansk Xalq Respublikası” separatçı qurumu tərəfində vuruşan “Donun böyük qoşunu”nun atamanı Nikolay Kozisın hələ ötən ilin oktyabr ayında şok iddia ilə çıxış edib. Kazak hərbçi “Gazeta.ru”ya müsahibəsində Luqansk döyüşçülərində nüvə silahının olduğunu deyib.
“Bizim sərəncamımızda nüvə döyüş başlığı var. Ukraynada bu silahdan dördü var idi, birini biz ələ keçirdik, qalanları isə yoxa çıxdı. Ukrayna yaxşı bilir ki, nüvə döyüş başlığından biri bizdədir”, - deyə Nikolay Kozisın vurğulayıb.
Bundan daha əvvəl isə Ukrayna müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk Donbasda olan Rusiya hərbçilərinin “Tülpan” 2S4 minaatanlarından istifadə etdiyini bildirib. A.Danilyuk minatanların döyüş komplektində nüvə mərmilərinin olduğunu diqqətə çatdırmışdı. (publika.az)