Bakı şəhəri, Səid Rüstəmov adına 13 saylı musiqi məktəbində işləyən müəllimə Könül Fərəcova bir neçə ay əvvəl yaşadığı sevinci hirs və əsəblə əvəz edib. Yeni dərs məvsümünün başlanması ərəfəsində işlədiyi məktəbin rəhbərliyindən bəd xəbər alıb. Məktəbin direktoru Tofiq Salmanov yeni dərs ilində onunla işləməyəcəyini deyib.
Həmin müəlimə başına gələnləri milli.az-a danışıb: "Ötən il məktəbimizə Tofiq Salmanov direktor təyin olundu. Gələn kimi məni konsertə göndərdi. Nasaz olduğumu deyərək getmək istəmədim. İşdən çıxaracağı ilə hədələdi. Hamilə idim həmin vaxt. Ərizə yazıb işdən çıxmağımı bildirdi. Dedi ki, çıxmasan, səni tutduracam, uşağını həbsxanada dünyaya gətirəcəksən. Qorxub ötən ilin dekabrında ərizəmi yazdım. Sonra isə məhkəməyə müraciət etdim və Tofiq müəllimi məhkəməyə çağıran kimi məni yenidən işə götürdü. Bu ilin martında analıq məzuniyyətinə çıxdım. Sentyabrın 1-də yenidən Tofiq müəllimə yaxınlaşaraq işə bərpa olunmağımı istədim. Bildirdi ki, mənə veriləcək dərsi yoxdu. Əsas göstərdi ki, mən başqa məktəbdə işləyirəm, onun məktəbində əvəzedici kimi işləməyimə yer yoxdur".
Direktor Tofiq Salmanov isə sayta açıqlamasında bildirib ki, Könül Fərəcova məktəbdə əvəzedici kimi işləyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinə əsasən, əvəzedicilərə ehtiyac olduqca iş verilə bilər.
Direktorun sözlərinə görə, K.Fərəcova başqa bir məktəbin müəllimidir: "İşçi bir iş yerində işləyə, digərində əvəzedici ola bilər. O, 25 nömrəli məktəbdə işləyir. Ehtiyac olarsa, məktəb rəhbərliyi tərəfindən əvəzedici kimi işə dəvət oluna bilər. Bizim məktəbdə əvəzedici kimi işləyib və iyun ayında müqaviləsi başa çatıb. Ehtiyac olarsa, dərs müddətində Fərəcova kimi müəlimlərdən dəvət edirəm. Ehtiyac olarsa, onlarla müqavilə bağlaya bilərərm. Dərs başlayandan sonra məlum olacaq ki, Könül Fərəcovaya ehtiyac var, yoxsa yox".
T.Salmanov ötən ilin dekabrında K.Fərəcovanın hədə-qorxu iddialarına da aydınlıq gətirib: "Fərəcova işdən o vaxt öz ərizəsi ilə çxııb. Özü bilir hansı səbəb görə. Məhkəməyə müraciət edib və sonra isə ərizəsini geri götürüb. Bir-iki aydan sonra ehtiyac olub və işə dəvət etmişəm. Mən adam tutduran deyiləm, direktoram".
/ virtualaz.org