Səni taleyimə yazdı yaradan…

Səni taleyimə yazdı yaradan…

 Bu sevgi özündən əvvəl doğulan,
Səni taleyimə yazdı yaradan…

"Şeirlərində hər zaman
Sözün ağrısından keçərlər,
Söyləməyə
Həqiqətin acısını
Seçərlər Şairlər…
Tanrı aşiqi,
Eşq dəlisi olduğundan
Çox vaxt sevməzlər
Şairləri…
Dostu çox, sirdaşı az,
Bostanı daşlı,
Könlünün gözü yaşlı olar Şairin…”

Gözü olan her kəs baxar, görmək istədikdə görər, amma şairlər könül gözu ilə baxar və gördükləri qarşısında çox vaxt könlünün gözü yaşlı olar. Bunu hiss etdikləri üçündür ki, onların düyaya baxışı fərqlidir. Onların görduklərini, çox zaman biz də görərik, amma gözümüz yaşarmaz, onlar kimi duyğulanmaz, gördüklərimizin əsl gizli mahiyyətini onlar kimi dərk edə bilmərik…

Bəzən də xəbislər
Elə bilərlər
Kiminsə yerinə doğulub,
Kiminsə yerini tutub,
Ya da kiminsə qazanacağı
Uğuru qazanıb.
Yavanlığı ürəyinin yağı,
Şeiri ömrünün çırağı,
Dünyanın dərd ortağı
Olan Şairlər…

Sadəcə onları anlamaq lazım, şairlər zamanı  keçirərlər və zamana sığmazlar. Bəzən də "dünya bizi anlamadı” deyərək, çəkdikləri əziyyətlərin boşa getdiyinə, insanın kamilləşmə yolunun çətinliyinə yanar, dünyanın naz-nemətini əlinin arxasıyla itələləyərək, haq yolundan başqa yol tanımazlar.

Bəzən yazan əlinin sınması,
Gözünün kor olması,
İstedadının yoxa çıxması
Arzulanar şairin…
Qəfil bir ölüm
dəyişər hər şeyi…
Hörmətlə,şöhrətlə ucalar şair…
Nekroloqlar,uydurulmuş
Xatirələr asar özünü
Qəzetlərdən…
Həsəd aparar adam
Dünən qısqanılana,
Qarğanana…
Ölüm bəxtəvırliyə
Qaldırar şairi…

Cox insan anlamaz bu acını, mən bu acını evimdə hər gün yaşıyanlardanam, çünki illərdir ədəbi mühitə yaxınam və bu şeirdə deyildiyi kimi, bir şairin dərdlərinin arasında hər gün necə aclılar çəkdiyini görürəm.

Dərindən nəfəs alar
Bəzi başsağlığı imzalayanlar
Üstündən yük götürülmüş kimi…
İçimdə bir ağrı
sızlatdı məni,
Dinlədim ağrının
Səsini…
Ehey, gedənlər, qalanlar,
ölümə tələsənlər,
Ölümü yubananlar,
Mən ölümdən iyrəndim,
Yaşamaqdan bezdim.
Mən insanlıq adına,
Şair urvatına görə
Əl boyda daş olmak istədim.

Sözün və söz sahiblərinin urvatdan salındığı bir dönəmdəyik nə yaziq ki.
Yuxarıda misal çəkdiyim gözəl və həyatın sərt reallıqlarından doğan misraların müəllifi
çox sayqı duyduğum bir Aydınımızdlr.O, bir anadır, qadındır, vəfa örnəyi həyat yoldaşıdır, vətəndaşdır, marifçi bir ziyalıdır.

Haqqında danışdığım gözəl şeirlərin müəllifi şairə Sona Vəliyevadır.


Mən uzun zamandan bəri Sona xanımı tanıyıram və yaradıcılığını izləyirəm. O mənim gözümdə yalnız şair və yazar deyildir, O həm də cəmiyyətdə sözü və davranışı ilə seçilən, qazandığı hörmətə görə təsir imkanlarına malik olan, örnək bir ictimai xadimdir. Sona xanım, millətinin mariflənməsi yolunda Səfiqə Kaspiralının, Həmidə xanımın sələfidir. Onun bədii yaradıcılığı haqqında çox yazılar yazılıb, mən onları təkrarlamaq istəmirəm.

Sona xanımın, bilinməyən və yaxud da bilinməsini istəmədiyi bəzi xusisiyyətləri var ki, məni hər zaman özünə cəlb etmişdir. O insan kimi də mükəmməl xarakterə sahibdir. Xeyirxahlığı haqqında yazmaq istərdim, ancaq, bilirəm ki, bunun yazılmasını da heç istəməz, "bir əlin verdiyini,o biri əl bilməsin” deyimindəki və tarixi ənənələrimizdən gələn böyük əxlaq onun yaşam prinsiplərindən biridir. Buna görə də Allah sevgisinə sığınıb, inancını, imanla yaşıyanlardandır, vətən sevgisini imandan bilənlərdəndir və bunu nümayiş etdirmək üçün etməz. Bir gün bir görüşümüzdə, sözləri Sona xanıma aid olan "Qaragilə”-mahnısını Əhmət Şəfıqin ifasında dinləyirdik, birdən Sona xanımın dərdli səsini eşittim: "Qarabağ dərdi, bizə Araz dərdini unutdurdu”.
Arazla ikiyə bölünmüş bir millətin bütövlük simvoluna çevrilmiş bir "Qaragilə”-dastanı vardır.

Sona Veliyevanın da bir "Qaragilə”-si var:

Bu sevgi özündən əvvəl doğulan,
Səni taleyimə yazdı yaradan.
Bir ömür yol gəldim dolanbadolan,
Dilim susan oldu,ay Qaragilə.

Gəldim qəlb evinə sevgi almağa,
Gəldim üsyan edəm ayrılıqlara.
Gəldim ki,qaçıram lap uzaqlara,
Yolum kəsən oldu,ay Qaragilə.
Bu əzab doğma müqəddəs,
Ayrılıq günahsa,necə yuyaq bəs.
Tökmə göz yaşını sel kimi əbəs,
Günah səndə oldu,ay Qaragilə.

Biz faciəmizin və bölünməyimizin günahlarını illərlə Arazın üstünə yükləmişik, onu qarğamışıq, ancaq Sona xanım, sair sevgisi və ümidi ilə bir gün taleyi gizli qapılar arxasında həll edilən millətlərin üzünə gün doğacağından yazır.

Bu yandan açarı mənəm,
O yandan kimdir bağlayan?
Tanrı əliylə açıram,
Dayan ay qapı bağlayan.
Kimisi bir hayla açdı,
Kimisi duayla açdı,
Kimi də ah-vayla açdı,
Kimsən ay qapı bağlayan?
Bu qapının cırıltısı
Min ilin qəlb sızıltısı…
Dərbənd, ya Gəncə ağrısı
Gəl açaq,qapı bağlayan.
Bu qapı gözüm qapağı,
İçi Vətənin torpağı.
Ürəyim yağı taptağı,
Sən də bax, qapı bağlayan.
Keçmədim qapı varsa da,
Dərdi düşmən çarasında.
Torpaq qapı arasında
Can verir, qapı bağlayan.

Bu gün qapılar arasında qalaraq can verən Qarabağ torpağı kimi, Sona xanım əslində itirdiyimiz torpaqların yasını tutaraq, onlar üçün ağı söyləmişdir. Bu seirdə ağılarin, laylaların bitməz kədəri, Azərbaycan folklorunun min illəri aşıb gələn havası var.

Sona Vəliyeva sözə çox önəm verən əsil söz adamıdır.
Qoymaz bir kimsədən minnət götürəm,
Ölüm xəbərimi söz yetirəcək.
Oğuldan,uşaqdan,dostlardan qabaq
Mənim cənazəmə sözüm girəcək.
Zərif misralarım,yarımçıq şeirim
Südəmər körpətək durmaz,ağlayar.
Dərd-sərdən balamın səsi batanda
Sözüm qızım olar,məni oxşayar.
Deyər "yad ağlayar,yalan ağlayar”,
Oxşayar doğmadan doğmatək məni.
Qəlbimin əkizi vəfalı sözüm
Ölümü öldürüb yaşadar məni.
Gedərəm nigaran olan-qalannan,
Qalar min dodaqda,dildə sözlərim.
Mənsiz darıxanda çiçəyə dönüb
Döşənər qəbrimin üstə sözlərim.
Qalacak ruhumun yükü sözümdə,
O,məndən doymadı,doymadım ondan.
Mən "Ol”la gəlmişdim,”Öl”lə gedirəm,
Yaşamaq ümüdüm başlayar sondan.

İnamla deyə bilərəm ki, Sona xanımın ürək ağrısından qopan, insan taleyinə və ömrün qısalığına üsyan kimi səslənən bu şeir Azərbaycan poyeziyasında söz haqqında, onun ictimai, mənəvi, ruhi dəyəri haqqında yazılmış ən gözəl nümunələrindən biridir.


Sona Vəliyevanın elmi, pedaqoji, ictimai fəaliyyətini, jurnalistika tariximizin öyrənilməsi və bu sahədəki böyük ənənələri davam etdirməsi geniş yazıların və yəqin ki, araşdırmalarım mövzusudur. Onun bu xidmətləri haqqında yazılıb və bundan sonra da yazılacaqdır.

Dost Təbriki

Mən bu sətirləri Sona xanımın ad gününə bir dost təbriki kimi yazıram. Lakin, məncə Sona xanım bu ilki ad gününə ən gözəl təbrik sözünü özü deyib və ən dəyərli hədiyyəni də özü-özünə bağışlayıb. Bu yaxınlarda onun Azərbaycanın fikir və əməl dahilərindən olan, mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi haqqında yazdığı iri həcimli "İşığa Geden Yol”- romanı Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür. Bu roman Sona Vəliyevanın yaradıcılıq potensialının yeni bir tərəfini üzə çıxarmaqla yanaşı, onun adını ədəbiyyatımızın qadın qolunu yaradan ünlü sairə və söz ustalarının sırasına yazmışdır.

Ancaq Sona xanım o şəxslərdəndir ki, onu öz uğurlarından daha çox milli ideallarımıza qovuşmaq yolunda qazanılan müvəffəqiyyətlər sevindirər. Belə sevinclərin bol olsun əziz bacım.

Tənzilə Rüstəmxanlı

Xəbər 4772 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR