Bu gün görkəmli bəstəkar, musiqi xadimi Fikrət Əmirovun anım günüdür
Azərbaycanın musiqi mədəniyyəti tarixində zaman-zaman çoxçeşidli sənət əsərləri ilə zəngin olan möhtəşəm bir xəzinə yaranmışdır. Bu tarixlərin hansı bir mərhələsinə, səhifəsinə nəzər salanda xalqın yaddaşında bənzərsiz və təkrarsız mədəni-ədəbi varidatları ilə naxışlanan musiqi xadimlərimizin əzəmətli simaları canlanır. Milli musiqi alətlərimizin ustad ifaçıları, görkəmli xanəndələr, bəstəkarlar, dirijorlar... hər biri də zamanında sənətlərinin bilicisi, xiridarı olmaqla yanaşı öz məktəblərini yaratmışlar. Bu məktəblər bütün dövrlərdə yeni musiqiçilər nəslinin yetişib formalaşmasına öz təsirini göstərmişdir.
Bu gün təqvimdə 20 fevral 2022-ci ildir və bu tarix bizə Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından olan bəstəkar, musiqi xadimi Fikrət Məşədi Cəmil oğlu Əmirovun anım gününü xatırladır.
Korifey sənətkarın irsi haqqında ilk fikir kimi onu deməliyik ki, Fikrət Əmirovun yaradıcı qayğılarla süslü bitkin ömrü öz sehri, gözəlliyi ilə insanı heyran edən gülzarlığa bənzəyir. Bəstəkar bu gülzarlığı sənət yollarında çəkdiyi cəfaları, əziyyətləri, gecə-gündüz qatlaşdığı zəhməti sayəsində malik olduğu sənət inciləri ilə yaratmışdır. Əlbəttə, fikrimizin davamı olaraq, böyük fərəh hissilə ruhumuza rahatlıq gətirən, vətənpərvərlik hissimizi coşduran bu gülzarlığa yaşıl bir zolağın içilə yol almaq tam zamanında, həm də xoş niyyətdən yaranmışdır.
Aktual.az xəbər verir ki, bu fikirlər yazıçı, publisist Şəfəq Nasirin Fikrət Əmirovun anım günü ilə bağlı hazırladığı "Sənətdə əbədilik meyarı” sərlövhəli yazısında yer alıb.
Deyir, çox zaman valideynin yaşadığı tale, ömür yolu övladın da həyatını oxşar, hətta eyni ahənglə müşayiət edir. Tarzən, bəstəkar Məşədi Cəmilin uşaqlığı, musiqidə qət etdiyi yollar necə bir çətinliklərdən, zəhmətlərdən keçibsə (atanın sənətkar ömründən başqa bir yazıda bəhs edəcəyimdən bu yazıda xanəndə haqqında sözümü məqamına əmanət edirəm), oğlu Fikrətin də həyatı çəkdiyi ağrılardan, çətinliklərdən sonra üzünə günəş təki doğub. Əslən şuşalı olan bəstəkar 1922-ci il noyabrın 22-sində qədim Gəncə şəhərində dünyaya gəlib. Gözünü dünyaya açandan qulağı əsrarəngiz musiqilər – muğamlar, mahnılar eşidib.
O da var ki, çox zaman uşaqlar hansı mühitdə doğulub boya-başa çatırsa, məhz tərbiyə aldığı, yetişdiyi həmin mühit də onların formalaşmasında mühüm rol oynayır. Sağlam, münbit mühitdə yetişəcəyi təqdirdə gələcəyin qapıları üzünə taybatay açılır. Fikrətin doğulduğu ailədə musiqiyə böyük məhəbbət olduğundan təbii ki, onun mayası, canı-qanı da musiqilə yoğurulmuşdur. Uşaq özünü dərk edəndən saatlarla, günlərlə atasının tarda ifasına qulaq asmaqdan yorulmur. Beləcə, tar onun uşaq qəlbində böyük sevginin qığılcımlarını yaradır. Lakin bu xoşbəxtlik, tara heyranlıq, qəlbində yaşatdığı şirin xəyallar qəflətən yarıda qırılır. O, 6 yaşında atasını itirməklə həyatının ilk ağır zərbəsini alır. Elə həmin vaxtdan anası Dürdanə xanımla yeddi baş külfətin dolanışığını, ağır güzarını hələ bərkiməmiş çiyinlərində çəkməli olur. Amma nə qədər məhrumiyyətlər yaşasa da fikri-zikri tarda olur. Məqam tapdıqca atasının qrammofon vallarına qulaq asır. Fikrətin balaca ürəyində tara elə bir sevgi yaranır ki, həyatını bu sehrli alətdən ayrı təsəvvür etmir. İllər sonra görkəmli musiqiçi, bəstəkar bu çalğı alətinə bağlılığını xatirələrində belə ifadə edəcəkdi: "Məni bəstəkar edən Azərbaycan tarıdır... Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir...” Budur musiqiyə sevgi, sənətə bağlılığın meyarı! Bu sevgiyə əlvanlıq, tər-təzə nəfəs qatan mühüm səbəblərdən biri də heç şübhəsiz, mayasında olan Şuşanın saf havası, gözəl, əsrarəngiz təbiəti, eyni zamanda yaşadığı qədim Gəncənin musiqi mühiti olmuşdur. Balaca Fikrətin bir xoşbəxtliyi də gözəl səsi olan bacısı Yaxşı ilə məktəbli çağlarından birlikdə çalışması idi, belə ki, bacısının ifa etdiyi xalq mahnılarını qardaşı tarda müşayiət edirdi. Belə məqamların birində istedad axtarmaq məqsədilə Gəncəyə gələn Üzeyir Hacıbəyli bu uşaqlarla tanış olur.
Fikrət, 1939-cu ildə ümumtəhsil məktəbi ilə yanaşı, orta musiqi məktəbini də bitirdikdən sonra Bakıya gələrək anası Dürdanə xanımın seçimi, məsləhətilə Konservatoriyaya daxil olur. Deyilənə görə, məşədi Cəmilin fitrətən istedadlı oğlu Fikrətin bu musiqi məbədində təhsil almasını Bülbül məsləhət bilmişdi. Xalqın sənətkar oğlu səhv etməmişdi, Fikrət Əmirovun böyük sənətə yolu məhz bu məbədgahdan başlamışdır. "Mənim yaradıcılığım, həyatım daha çox Bülbüllə bağlıdır”, - deyən Fikrətin sənətdə yaşadığı ilk dövr məhz Bülbüllə Üzeyir Hacıbəylinin qayğısı, köməyi sayəsində uğurlu olmuşdur. Gənc Fikrət ilk olaraq Üzeyir bəyin sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini müvəffəqiyyətlə öyrənir. Xalq musiqisinə tükənməyən məhəbbətinin təsirilə xalq yaradıcılığı üslubunda bir sıra əsərlərini yazır. Onun gələcəkdə mükəmməl sənətkar kimi yetişməsində heç şübhəsiz, tələbəlik illərindən görkəmli musiqiçilərlə birgə ekspedisiyalarda olarkən folklor nümunələrini – mahnı və rəqslərini toplayaraq onları nota köçürməsi olmuşdur.
Həmin dövrdə Bakının musiqi mühiti ürəkaçan idi. İstedadlıların yaradıcı imkanlarını üzə çıxarması, yetişməsindən ötrü güclü istək, şərait vardı. Fikrət də heç bir məqamı ötürmədən musiqinin çoxçeşidli və rəngarəng sahələrinə bələd olmağa çalışırdı. O, Azərbaycan Dövlət Filarmoniyasında müntəzəm olaraq keçirilən konsertlərdə iştirak edir, qərb və rus bəstəkarlarının əsərləri ilə yaxından tanış olur və onlardan öyrənməyə səy edirdi. Eyni zamanda, təhsil illərində uğurlu çalışmaları ilə mükəmməl bilik və təcrübəyə yiyələnirdi. Fikrət Əmirovun tələbə taleyində mühüm əhəmiyyət kəsb edən amillərdən biri, onun tərcümeyi-halından öyrəndiyimiz kimi, Musiqi Akademiyasında müəllimləri bəstəkar Üzeyir Hacıbəyli və həmin dövrdə ustad musiqi xadiminin dəvəti ilə Bakıya dərs deməyə gəlmiş Boris İshakoviç Zeydman olmuşdur. Onu da xatırladaq ki, Azərbaycanın musiqi çələngində hər birinin öz ətri olan bəstəkarlardan Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova da məhz B.İ.Zeydmandan dərs almışdılar. Lakin deməliyik ki, Fikrət Əmirovun bəstəkarlıq ixtisasına yiyələnməsinin səbəbkarı, onun musiqiçi kimi yetişməsinə məhz Üzeyir Hacıbəylinin təsiri böyük olmuşdur.
Fikrət Əmirovun həyatı, yaradıcılıq taleyi ilk gənclik illərindən o qədər məhsuldar və uğurlu olub ki, bəzən musiqi mədəniyyətimizdə hərəsi bir varidat timsalında xalqın mənəvi xəzinəsinə daxil olan xeyli sayda çoxçeşidli əsərlərin cəmi-cümlətanı 62 illik ömürdə ərsəyə gəldiyinə heyrət etməmək olmur. Bu əsərlərin küll halında təkcə Azərbaycan cəmiyyətində deyil, bir çox dünya ölkələrində də yaratdığı təsiri göz önünə alanda, bəstəkarın zamanında şöhrətinin sərhədlər aşdığını biləndə necə heyrətlənməyəsən! Onun əsərləri bir çox xalqların da sevərək dinlədiyi, nümayişini böyük sevgilə izlədiyi sənət nümunələri sırasında öndəydi. Xalq yazıçısı Mirzə İbrahimov onun yaradıcılığında mühüm əhəmiyyət kəsb edən bu xüsusiyyəti belə qiymətləndirirdi: "Fikrət Əmirov musiqisi milli olduğu qədər də beynəlmiləldir. Onun sənətinin pərəstişkarları dünyanın hər yerindədir. Fikrət Əmirovun sehrkar musiqisi sevimli bəstəkarımızın ömrünü əbədi edəcək. Sorağını əsrlərdən-əsrlərə aparacaq...”
Bəstəkarın yaradıcılıq qayəsi, əsərlərinin ruhu təbii ki, onun melodiyasıdır, yenilikçi düşüncəsi ilə süslü olan melodiya. Bu yenilikçi ruh ilk olaraq bəstəkarın "Sevil” operasında özünü daha aydın büruzə vermişdir. Təsadüfi deyil ki, musiqi cəmiyyətində böyük coşqu ilə qarşılanan bu opera zamanında Üzeyir Hacıbəylinin "Koroğlu” operasından sonra ən uğurlu və ən yaxşı əsərlərdən biri hesab edilmişdir.
Fikrət Əmirovun ömür yolu Böyük Vətən müharibəsindən də keçir. Ağır keçirdiyi xəstəlikdən sonra ordudan tərxis olunaraq Gəncəyə qayıdır. Burada bir müddət Gəncə Dövlət Filarmoniyasında, Dram Teatrında fəaliyyət göstərir. "Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə" simfonik poeması da cəbhə həyatının mübarizlik səhifəsini əks etdirir. 1943-cü ildə Konservatoriyada yarımçıq qoyduğu təhsilini davam etdirmək üçün Bakıya yol alır.
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Fikrət Əmirovun böyük yaradıcılıq eşqilə qurduğu, düzən verdiyi gülzarlıq bir-birindən gözəl, özünün ideya-qayəsi ilə çox dəyərli, uzunömürlü olan, əbədiyyətə qədər yol salan çoxçeşidli əsərləri bütün zamanların mədəni sərvəti timsalındadır. "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə musiqi aləminə qədəm qoyan Fikrət Əmirovun bir-birindən fərqli, mübarizlik, vətənpərvərlik, milli, bəşəri mahiyyət kəsb edən çoxlu sayda sənət nümunələri meydana gəldi. Simfoniyalar, operalar, baletlər, simfonik muğamlar, kamera instrumental əsərləri ona dünyaşöhrəti qazandırmışdır. Bunların sırasında... "Şur” "Kürd-Ovşarı”, "Xəzəri fəth edənlər”, "Ulduz”, "Sevil”, "Nəsimi”, "Gülüstan-Bayatı-Şiraz”, "Min bir gecə”, "Nizami”... kimi əsərləri bu gün də nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrinin böyük səhnələrində dünyanın ən məşhur dirijorları tərəfindən böyük məhəbbət və heyranlıqla ifadə olunub. Bəstəkar Azərbaycanın bir çox mədəniyyət və incəsənət xadimlərinin, klassik şairlərin obrazlarını da güclü intuisiyaya malik musiqisinin ecazı ilə yaratmışdır.
F.Əmirov yeri gəldikcə əsərlərinin ideyası, mənəvi temperamenti ilə bağlı fikirlərini də qələmə alırdı. Nizami poeziyasının dərinliyindən boy göstərən hikmətə, ibrətamizliyə, insana olan hüdudsuz və dəruni sevgidən vəcdə gələn bəstəkar "Nizami” baletini musiqi ictimaiyyətinə təqdim edəndən sonra yazırdı: "Nizami poeziyası gözəlliyi, onun məna dərinliyi və mahiyyəti, surətlərin əyaniliyi, yüksək mənəvi-etik idealları, ehtirasların çarpışması, ən başlıcası isə dramatikliyi və bəzən faciəvi gərginliyi ilə diqqəti cəlb edir. İstər şairin həyatında və istərsə də onun qəhrəmanlarının həyatında çox ağır təəssüratlar olmuşdur – mən bunlara biganə qala bilməzdim. Nizami Gəncəvi poeziyası musiqi tələb edir, bu poeziyanın özünəməxsus tonallığı, öz muğamı var”.
Fikrət Əmirovun yaradıcılığında Azərbaycan mövzusu böyük əhəmiyyət kəsb etmişdir. "Azərbaycan süitası” adlanan bu əsərdə, "Gənclik, gözəllik”, "Çoban bayatı”, "Kəndimizdə”, "Nəğməmsən, Bakı” adlı bölmələrdə bəstəkarın cahana sığmayan Azərbaycan sevgisi dinləyicilərin gözündə, könlündə munis duyğular oyadır. Bundan başqa, onun yaradıcılığında vokal əsərləri və musiqili komediyalar, kinofilmlərə bəslədiyi musiqilər, bəstəkarın böyük həssaslıqla, ürəyinin odu ilə yazdığı mahnılar da əhəmiyyətli yer tutur.
Adını çəkdiyimiz və çəkmədiyimiz əsərləri yarandıqca bəstəkara ana südü qədər halal olan fəxri adlar – "Stalin” mükafatı, "Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi”, "Azərbaycan SSR Xalq Artisti”, "Qırmızı Əmək Bayrağı Ordeni”, "Azərbaycan SSR Dövlət mükafatı”, "SSR Dövlət Mükafatı”, "Sosialist Əməyi Qəhrəmanı”... həm də Azərbaycan mədəniyyətinə verilən yüksək dəyər timsalında qiymətləndirilməlidir.
Nə xoş ki, Fikrət Əmirovun əsərləri zamanında öz dəyərini alıb, müəllif özü də yaradıcılığı ilə bağlı xatirələrində mühüm məqamlardan söz açaraq, əsərlərinin yazılmasında, musiqinin düşüncəsində yaratdığı hiss və həyəcanları, mövzularını, ədəbi tarixi şəxsiyyətlərin obrazları haqqında düşüncələrini xatirələrində qeyd edib. Bütün bunlar əsərlərini qavramağa, onlardakı temperamenti, musiqinin çoxçalarlı situasiyalarını duymağa, dərindən dərk etməyə yönəlmişdir. Təkcə musiqi xadimləri deyil, ədəbiyyat adamları, zövqlü ziyalı tamaşaçılar da bəstəkarın hər hansı bir baleti, simfonik əsəri, mahnıları haqqında xoş fikirlərini, heyrət və sevgilərini bölüşüblər.
Su kimi axıb-gedən insan həyatı özündən sonra silinməz iz qoyursa, bu, mənalı, tutya bir ömürdü. Bəstəkar Fikrət Əmirovun yaşadığı barlı-bəhrəli, mənəvi gözəlliklə süslü olan həyatı da qəlbimizdə həmişə duyğusal melodiya kimi səslənəcək. Səsləndikcə də gözümüzün qarşısında nurlu obrazı canlanacaq...
Xəbər 1447 dəfə oxunub.