Azərbaycanda radikal müxalifət mediasının israrla dirəndiyi bir mövzu var: fikir azadlığı və polemika!
Bütün qeybətlər, iynəli ismarıclar, atmacalar da məhz bu istiqamətə yönəlib. Ki, qarşı tərəfdən bir insan bizimlə üzbəüz çıxma cəsarətində deyil, iqtidarı təmsil edən hər kəs ünvanladığımız suallardan qaçır, ürkür, yayınır və s ilaxır.
Elə bu minvalla da “facebook” səhifəmdən bütün media əhlinə, ələlxüsus da mövcud siyasi hakimiyyəti hədəfə alan əsas qüvvə - AXCP və onun təbliğatçısı, ictimai rəy yaratma “baza”sı olan mətbuat qurumlarına səslənirəm (ünvanlanıram):
İndiyə qədər kimə müraciət etmisiz, kim qarşınızda durmaqdan çəkinib, burası məni ilgiləndirməz. Ona görə ilgiləndirməz ki, mövcud iqtidarın qanadı altında fırlanan və həmin iqtidarı 5 yox, 3 qəpiyə belə satmağa hazır olan BƏZİ buqələmunları biz də gözəl tanıyırıq. Və onların varlığı ilə yoxluqları arasında heç bir fərq yoxdur. Hətta deyərdim, yoxluqları ilə siyasi camiəyə daha çox tovhə vermiş olardılar.
Nəinki var olan (qorxaq) halları ilə...
Onlar bizdən deyillər. Beləcə də bilin bunu. İqtidarı təmsil etməyi ancaq dolanışıq, qazanc mənbəyi kontekstində görənlər bizdən deyillər! Dar gündə, lazımlı anda ortalıqdan əkilənlər bizdən deyillər! İlham Əliyevçiyəm deyib İlham Əliyevin təhqir olunduğu səhifələrə göz yumanlar, fəqət öz adları hallanan kimi dünyanı, aləmi bir – birinə qatanlar bizdən deyillər!
Amma hər şeyə rəğmən biz iqtidarıq. Kimin gözündə necə görünməyimizdən asılı olmayaraq - iqtidarıq. Prezident isə bir simvoldur, atributdur. Yenə də kiminsə bəyənib – bəyənməməyindən asılı olmayaraq...
***
Artıq normal müstəvidə, masa arxasında, təmkinlə, sivil qaydada müzakirə, fikir mübadiləsi aparmağın, daha doğrusu apara bilməyin, söyüş söyməməyin, təhqir yağdırmamağın zamanıdır.
Mən hazır! Sizlər də hazırsınızsa, buyurun. Ortalıqdan qaçan, suallarınızdan yayınan, sizinlə üzbəüz gəlməyə ehtiyat edən, sonradan söhbət fırladan namərddir! Öz payıma...
Hətta, madam ki, ortalıqda əsas mübahisə predmeti açıq polemikadır, o zaman bir konkret təklifim də var: “Azadlıq” qəzeti, “Meydan Tv” və ya radikal siyasi sektora yaxınlığı ilə seçilən istənilən media orqanında AXCP sədri Əli Kərimli ilə mənim debatım təşkil edilsin. Eyni zamanda adını çəkdiyim mətbuat qurumlarına müsahibə vermək istəyirəm.
Buyurun! Söz azadlığına, fikir plüralizminə “hə” deyirsinizsə, başlayaq. Elə birinci sizdən başlayaq.
***
Mən İlham Əliyevçiyəm. Bir sfətim var. Bundan qürur duyuram.
Prezidentimi və dəstəklədiyim siyasi iqtidarı yaxşı ya da pis, nə cür bacarıramsa müdafiə etməyə hazıram. Səhvimi, yalanımı, riyakarlığımı, ədalətsizliyimi sübut edə bilsəniz, səsimi də çıxarmayacam. Bunu bacarsanız, elə yerindəcə üzümə şappıldadarsız. Amma lütfən artıq “facebook” üzərindən saxta profillərlə, arvad adı ilə deyil, üzbəüz, gözbəgöz olaraq. Yəni, sivil formada!
Eyni zamanda boyun olun ki, bütün debat video – lentə alınacaq və mən də sizin liderinizi, getdiyiniz yolu doğru – dürüst faktlarla ifşa edəcək olsam nöqtəsinə, vergülünə toxunmadan yayımlayacaqsınız.
Cavab gözləyirəm.
Hörmətlə, Elşən Musayev.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri